Sabah, yəni 1 oktyabr tarixindən etibarən ölkə ərazisində karantin rejimi ilə əlaqədar qəbul edilən bir sıra qadağalar ləğv olunacaq.
Metbuat.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 2021-ci il oktyabrın 1-dən etibarən həftəsonu ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin dayandırılması ilə bağlı məhdudiyyətlər aradan qaldırılır.
Əlavə olaraq, 2021-ci il oktyabrın 1-dən aşağıda qeyd olunan iş və xidmət sahələrinin fəaliyyətinin bərpa edilməsi ilə bağlı qərar verilib:
- istirahət və əyləncə məkanlarının (klublar daxil olmaqla), həmçinin uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisində olanlar daxil olmaqla) fəaliyyəti;
- ümumi tutumunun 50 faizindən çox olmamaq şərtilə mədəniyyət obyektlərinin (konsert zalları daxil olmaqla), eləcə də konfrans zallarının, kinoteatrların, teatrların, fəaliyyəti;
- iri ticarət mərkəzlərinin nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, eləcədə ümumi tutumunun 50 faizindən çox olmamaqla kinoteatrların fəaliyyəti.
Fəaliyyəti bərpa edilən iş və xidmət sahələri saat 00:00-dək xidmət göstərir və həmin iş və xidmət sahələrinin qapalı məkanlarında göstərilən xidmətlərdən yaşı 18-dən yuxarı olan şəxslər yalnız COVID-19 pasportuna sahib olduqları halda istifadə edə bilərlər. Müəyyən səbəblərdən peyvənd oluna bilməyən şəxslər COVİD-19 pasportu tələb olunan məkanlara əldə etdikləri COVID-19 infeksiyası əleyhinə peyvəndə Əks Göstəriş sertifikatı ilə daxil ola bilərlər.