Azərbaycanın ali məktəbləri ilə Boğaziçi Universiteti arasında müqavilə imzalanıb

Azərbaycanın ali təhsil müəssisələri ilə Türkiyənin Boğaziçi Universiteti (BU) arasında əməkdaşlıq müqaviləsi bağlanıb.

Metbuat.az xəbər verir ki, əməkdaşlıq müqaviləsi BU ilə Azərbaycan Diplomatiya Akademiyası (ADA), Azərbaycan Texniki Universiteti, Qərbi Kaspi Universiteti və Bakı Ali Neft Məktəbi arasında imzalanıb.

Azərbaycanın təhsil naziri Emin Əmrullayev BU-nun nümayəndə heyəti ilə görüşüb. Görüş çərçivəsində iki ölkənin ali təhsil müəssisələri ilə yeni əməkdaşlıq müqavilələri imzalanıb.

Əməkdaşlıq çərçivəsində ali təhsil müəssisələri arasında ümumi kurikulumların bölüşdürülməsi, akademik, tələbə və gənc tədqiqatçıların mübadiləsi ilə birgə tədqiqat layihələrinin həyata keçirilməsi nəzərdə tutulur.

Digər tərəfdən, ADA ilə əməkdaşlığa əsasən, BU-nun İqtisadiyyat və İnzibati Elmlər Fakültəsinin tələbələri ADA-da keçəcəkləri kurslarla 1 illik təhsillərini başa vura biləcəklər. Bu qayda ADA tələbələrinə də şamil ediləcək.

BU-nun rektoru Mehmet Naci İnci bildirib ki, müqavilə hər iki ölkədə təhsilin inkişafına xidmət edəcək: “Boğaziçi Universiteti olaraq Azərbaycan və digər Türkiyədəki təhsil müəssisələri ilə əməkdaşlığa böyük əhəmiyyət veririk. Bunun hər iki ölkədə təhsilin inkişafına xidmət edəcəyinə əminəm. Bu mövzuda da çalışmalarımızı davam etdirəcəyik”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)