11 illik təhsil sistemi şagirdlərin psixologiyasının pozulmasına səbəb olur -

Xəbər verdiyimiz kimi, Azərbaycan Karyera İnkişaf Forumunda təhsil naziri Emin Əmrullayev təhsil sistemimizlə bağlı bir sıra məqamlara toxunub.

Metbuat.az xəbər verir ki, forumda çıxış edən nazir Emin Əmrullayev erkən yaşdan məktəbəqədər təhsilə ayrılan müddət, məktəblinin, şagirdin məktəbdə aldığı dərs və həmin dərsin məzmununun çox vacib olduğunu qeyd edib. Onun sözlərinə görə, bütün inkişaf etmiş ölkələrdə 3 yaşdan başlayaraq 100 faizlik əhatəlilik görürük:

"İnkişaf etmiş ölkələrin bir çoxunda 12-13 illik təhsil müddəti var, öyrənmə saatının həcmi isə 20-30 faiz çoxdur. Bunları bir gün ərzində həll etmək olmur, bunlar uzunmüddətli dəyişimdir. Biz bunu dərhal başlamalıyıq ki, uzunmüddətli dövr artıq başlasın. 20-30 illik perspektiv haqqında danışanda deyilir ki, bu gün də inkişaf etməliyik. Təbii ki, hansısa qısamüddətli müdaxilələr də vacibdir. Bu məqamda hansı dəyişənlərin qısa müddətdə bizə nə verəcəyinə baxanda təhsilin ayrı-ayrı pilləsinə nəzər yetirməliyik".

Məsələ ilə bağlı saytımıza açıqlama verən təhsil eksperti Adil Vəliyev qeyd edib ki, 11 illik təhsil sistemi təhsilin orta səviyyəsinin inkişafına maneə törədir:

"Cənab nazirin bugün səsləndirdiyi fikir dəfələrlə gündəm mövzusu olmuşdu, ancaq təəsüf ki, bir müddət sonra unuduldu. 11 illik təhsil sistemi artıq geridə qalıb və təhsilin orta səviyyəsinin inkişafına maneə törədir. Bu sistemdə proqramlar həddindən artıq yüklənmiş vəziyyətdə olur və bu, demək olar ki, şagirdlərin problemlərinin artmasına, psixologiyasının pozulmasına səbəb olur".

Adil Vəliyev

Ekspertin sözlərinə görə, 12 illik təhsil sistemində şagirdlərin dərs yükü biraz daha yüngülləşəcək:

"İnkişaf etmiş ölkələrin təhsil sistemi ilə maraqlansaq, görərik ki, orta təhsil müəssisələri 12 il müddətinə və 3 mərhələdən ibarət olur. Bu zaman 1-6-cı sinif, 7-9 -cu sinif, 10-12-ci sinif kimi bir bölgü sistemi olur və məktəbdə bu şagirdlər demək olar ki, bir-birini görmüş olmurlar.

Onu da qeyd edim ki, bəzi inkişaf etmiş ölkələrdə təhsil 13-14 il müddətində müəyyən edilib. Hazırda 180-ə yaxın ölkə 12 illik sistemə keçib və biz də ən qısa zamanda bu yeniliyə ayaq uydurmalıyıq".

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)