"Qarabağ" bu gün Macarıstan klubu ilə qarşılaşacaq

"Qarabağ" bu gün UEFA Çempionlar Liqasında növbəti oyununu keçirəcək.

Metbuat.az xəbər verir ki, Ağdam təmsilçisi III təsnifat mərhələsinin ilk matçında Macarıstanın "Ferentsvaroş" klubunu qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq. Görüşün baş hakimi isveçli Andreas Ekberq olacaq.

"Köhlən atlar" oyuna ciddi itkilərlə çıxacaq. Kevin Medina zədəli, Kadi Borges və Riçard Almeyda isə cəzalı olduqları üçün Macarıstan çempionuna qarşı ilk matçı buraxacaqlar. Qonaqlardan isə Henri Vinqo zədə səbəbindən meydana çıxa bilməyəcək.

Komandalar arasında cavab oyunu avqustun 9-da Budapeştdə keçiriləcək.

Qeyd edək ki, bu cütün qalibi pley-off mərhələsində "Şerif" (Moldova) - "Viktoriya" (Plzen, Çexiya) cütünün güclüsü ilə üz-üzə gələcək. Bu komandalar arasında Moldovanın paytaxtl Kişineuda baş tutan ilk oyunda qonaqlar 2:1 hesablı qələbə qazanıblar. "Qarabağ" - "Ferentsvaroş" cütündə uduzan komanda isə UEFA Avropa Liqasının pley-offunda "Şemrok Rovers" (İrlandiya) – "Şkupi" (Şimali Makedoniya) cütünün məğlubu ilə görüşəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR