Metroya girişdə insanlar nəyə görə növbəyə düzülür? -

Günlərdir ki, sosial şəbəkələrdə günün pik saatlarında bəzi metrostansiyaların girişində vətəndaşların növbəyə qalmasının şahidi oluruq. Bu da girişdə olduqca ifrat sıxlıq yaradır.

Metbuat.az-a danışan "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyir ki, hazırda metropoliten yeni qrafiklə işləyir. Mövcud bütün qaydalar tətbiq olunur. Qatarların sayınını artırılması ilə sıxlığın azalacağı isə düşünülmür:

"Hazırda metropoliten tədris mövsümü başlayandan yeni qrafiklə işləyir. Hazırkı qrafik ən sıx və optimal qrafikdir. Qatarların texniki cəhətdən mümkün olan intervalı təşkil edilib. "28 may" - "Həzi Aslanov" istiqamətində pik saatlarda interval 2 dəqiqədir. "28 May" stansiyasında iki xətt kəsişərək birləşdiyindən artıq "İçərişəhər" və "Dərnəgül" istiqamətində qatarlar fərqli marşrut üzrə hərəkət edir deyə interval da 2 dəfə çox olur. Qısası, texniki cəhətdən ən optimal qrafik hazırda tətbiq edilir. Bu isə o deməkdir ki, qatarların sayı sıxlığa təsir etmir. Çünki ehtiyat qatarlar da daxil olmaqla vaqon parkı kifayət qədərdir ki, mövcud interval təmin olunsun. 2 dəqiqədən də az interval təyin etmək olmur. Metropoliten stansiyalarının platforması da 5 vaqonluq qatar qəbul edir. Onu da dəyişmək qeyri-mümkündür".

Qurum rəsmisi deyir ki, mövcud qaydalar dəyişdirilmədiyindən yeni mexanizmlər həyata keçirilir. Bu səbəbdən də günün pik - səhər və axşam saatlarında giriş qapılarında sərnişinlər növbədə dayanır. Məqsəd isə platformanın çox yüklənməsinin qarşısını almaqdır:

"Belə olan halda əlavə tənzimlənmələr edilir. Birincisi, platforma səviyyəsinin yüklənməsinin qarşısı alınmalıdır. Yəni sərnişinlərin hamısı içəri buraxılsa, orada qatara minmə və düşmə zamanı qəza, faciə yaşana bilər. Bu halın yaşanmaması üçün xüsusi nəzarət var. Pik saatlarda eskalator meydançalarına da xüsusi nəzarət edilir. Yəni yuxarı və aşağı hissələrdə platformanın yüklənməsinin qarşısını almaq üçün 1 və ya 2-nin işlənməsi buna görə tənzimlənir.

Digər bir mexanizm isə giriş qapıları ilə bağlıdır. Əgər platforma, vestibül, eskalator meydançaları yüklənsə, giriş qapılarında tənzimləmə təbiq oluna bilər. Hazırda isə "28 may", "Elmlər Akademiyası", "Koroğlu" stansiyalarında bu, həyata keçirilir. Metropoliten üçün ən əsas sərnişinlərin nizamlı qaydada hər hansı ifrat sıxlıq yaranmadan təhlükəsiz daşınmasını təmin etməkdir. Əgər sərnişin təhlükəsiz şəkildə daşınmayacaqsa, metropoliten öz funskiyalarını yerinə yetirməyəcək".

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR