Zahid Oruc:

Sentyabrın 28-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə Azərbaycan Beyin Mərkəzlərinin I Forumu keçirilib.

Metbuat.az xəbər verir ki, əvvəlcə ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Forumun keçirilməsində əsas məqsəd beyin mərkəzlərinin fəaliyyətinin stimullaşdırılması və onların fəaliyyətinin dövrün tələblərinə uyğun təşkil edilməsi, dövlət qurumları və beyin mərkəzləri arasında mütəmadi kommunikasiyanın və əməkdaşlığın qurulmasının təmin edilməsidir.

Forum zamanı aparılan müzakirə və təkliflərin təhlili növbəti addımlar üçün istiqamətlərin təyin edilməsinə imkan verəcək. Forum, eyni zamanda, beyin mərkəzlərinin cəmiyyətdə təbliği baxımından mühüm əhəmiyyət kəsb edir. Forumun işində xarici və yerli beyin mərkəzləri ilə bərabər müxtəlif dövlət qurumlarının nümayəndələri də iştirak ediblər.

Forumda çıxış edən Azərbaycan Beyin Mərkəzlərinin I Forumunda Sosial Tədqiqatlar Mərkəzinin sədri, deputat Zahid Oruc deyib ki, Azərbaycanda beyin mərkəzlərinin fəaliyyəti ilə bağlı qanunvericilik hazırlanmalıdır.

"Beyin Mərkəzlərinin ciddi fəaliyyəti üçün vahid platforma yaradılmalıdır və bu inkişaf etmiş bir struktura çevrilməlidir. Bu istiqamətdə xarici ekspertlərlə əməkdaşlıq, onların ölkəyə dəvət olunması da bu istiqamətdə müsbət dəyişiklər üçün əsas sayıla bilər. Təklif edirəm ki, bölgələrdə analtik məktəblər yaradılsın. Vətən Müharibəsindən sonra sosial şəbəkələrdə yayılan saxta xəbərlər fonunda Azərbaycanda hərbi və təhlükəsizlik baxımdan siyasi analtik mərkəzlərin yaranmasına zərurət çox vacibdir",- Zahid Oruc söyləyib.

Deputatın fikrincə, Azərbaycanda analitik mərkəzlərin yaranması 2000-ci illərdən formalaşmağa başlayıb:

"Bu, forum mühüm platformadır. Azərbaycanda beyin mərkəzlərinin kəmiyyət artımını keyfiyyət müstəvisinə çıxarmaq lazımdır. Ona görə də beyin mərkəzlərinin vahid platforması yaradılmalıdır".



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR