"Ermənistanın baş naziri Nikol Paşinyan Soçiyə 15 təkliflə getmişdi. Onun heç bir təklifi qəbul edilmədi".
Metbuat.az xəbər verir ki, bu sözləri saytımıza açıqlamasında politoloq Zaur Məmmədov deyib. Politoloqun sözlərinə görə, Soçi görüşündə Rusiya Qafqaz və Qərb dairələrinə "regionda mən də varam" mesajını verdi. Paşinyan görüşdən narazı ayrılsa da, İlham Əliyev Azərbaycan maraqlarının tapdalanmasına icazə vermədi:
"Soçi görüşündə Rusiya tərəfi Azərbaycan və Ermənistan tərəfinə öz marağının nədən ibarət olmasını göstərdi. Ukrayna hadisələrindən sonra Cənubi Qafqazdakı proseslərdə bir qədər kənarda qalan Putin Soçi görüşündə "regionda mən də varam" mesajını həm Qafqaz ölkələrinə, həm də Qərb dairələrinə göstərmək niyyəti güdürdü. Nəticəni başa düşmək üçün bizim və Ermənistanın Soçiyə hansı portfolio ilə getməsini müzakirə etməliyik.
Nikol Paşinyan Soçiyə 15 təkliflə getmişdi. Onun heç bir təklifi qəbul edilmədi. Yekun bəyanata, Nikolun Soçidən narazı qayıtmasını nəzərə alsaq, Ermənistan baş nazirinin görüş ərəfəsində əleyhinə və sülhməramlıların vaxtının uzadılmasına razı olması ilə bağlı bəyanatlar səsləndirməsi ona kömək etmədi. Cənab Prezident İlham Əliyev öz prinsipiallığını bir daha Rusiya və Ermənistan qarşısında nümayiş etdirərək Azərbaycan maraqlarının tapdalanmasına icazə vermədi. Nəticə etibarı ilə görüşdə Qarabağ ifadəsinin olmaması da bunun bir əyani nümunəsidir".
Zaur Məmmədov bildirib ki, əslində, bu görüşdən yekun bir bəyanat gözlənilmirdi:
"Hər hansı bir yekun, hüquqi sənədin qəbul edilməsi gözlənilmirdi. Biz bilirik ki, Rusiya platformaları ilə yanaşı Qərb platforması da mövcuddur. Mən düşünürəm ki, Soçi görüşü Qərb platformasında əldə edilən razılaşmaların bir qədər səngiməsi və dondurulması ilə nəticələnəcəkdir. Çünki Putin Paşinyanla təkbətək görüşündə Rusiyanın qırmızı cizgilərinin nədən ibarət olduğunu baş nazirin diqqətinə çatdırıb. Çətin ki Nikol Paşinya belə olan təqdirdə Azərbaycanla sülh müqaviləsinə getsin. Bu, birbaşa olaraq bəzi məsələlərin Paşinyanın əlindən çıxması ilə nəticələnə bilər".
Gülər Seymurqızı