“Ölkəmizin adının Şimali Azərbaycan kimi dəyişdirilməsi real deyil” -

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevin Azərbaycanın adını “Şimali Azərbaycan” olaraq dəyişdirmək ilə bağlı təklifi cəmiyyətdə birmənalı qarşılanmadı. Millət vəkili bu təklifi ilə həm də Cənubi azərbaycanlılar üçün stimul ola biləcəyini qeyd etsə də, bir çox ekspertlər bu fikrin elə də düzgün olmadığı qənaətindədirlər.

Tarix üzrə fəlsəfə doktoru, dosent, AMEA-nın Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin rəhbəri Elnur Kəlbizadə Metbuat.az-a açıqlamasında bildirdi ki, Azərbaycan Respublikasının Şimali Azərbaycan adlandırılması məqsədə müvafiq nəyisə dəyişməyəcək.

Paşinyanı sadə ermənilərin həyatı maraqlandırmır -

Elnur Kəlbizadə

“Şimali və Cənubi Azərbaycan anlayışları XIX əsrdə meydana gəlib. Bu adlar Azərbaycan coğrafiyasının XIX əsrdə iki imperiya - Romanovların idarə etdikləri Rusiya və Qacarlar imperiyası arasında bölüşdürülməsi nəticəsində ortaya çıxıb. İndiki məqamda belə bir ideyanın ortaya atılması xalqımızın tarixən qəlbində yaşatdığı milli ideallara dəstək kimi özünü göstərir. Lakin mən hesab etmirəm ki, Azərbaycan Respublikasının Şimali Azərbaycan adlandırılması nəyisə dəyişəcək. Bu, sadəcə ədəbi romantik səviyyədə cəlbedici görünə bilər”.

E. Kəlbizadə hesab edir ki, Azərbaycan adlanan bir coğrafi məkan var. Onun şimalında müstəqil və azad olan Azərbaycan Respublikası yerləşir. Müsahibimiz onu da qeyd etdi ki, bu məsələyə dəqiq qiymət vermək üçün Xalq Cümhuriyyəti dövründə ölkəmizin beynəlxalq səviyyədə məhz Azərbaycan Cümhuriyyəti adlandırılması ilə bağlı mübarizəyə diqqət yetirmək kifayət edir.

STM-in sektor müdiri, politoloq Tural İsmayılov deyir ki, millət vəkilləri, ekspertlərin bu məsələni gündəmə saxlamağı önəmli olsa da, ölkəmizin Şimali Azərbaycan adlandırılması əsla uğurlu bir seçim sayılmazdı. Metbuat.az-a açıqlamasında Tural İsmayılov onu da vurğuladı ki, hazırki vəziyyətdə bunun tətbiqi real görünmür.

Ictimai sabitlik deyerdir! - Tural İsmayılov yazır

Tural İsmayılov

“Təəssüflər olsun ki, acı taleyin təsadüfləri nəticəsində Azərbaycanın böyük bir ərazisi İrana verilibdir və bu gün Güney Azərbaycan faktoru xalqımızın milli şüurunda, tarixi keçmişimizə, bağlılığımızda ən unudulmaz yaralardan birini təşkil edir. Biz eyni zamanda, Təbriz, Ərdəbil, Urmiya və bütövlükdə Güney Azərbaycan məsələsinə hər zaman həssaslıqla yanaşmalıyıq. Hesab edirəm ki, Güney Azərbaycanda yaşayan azərbaycanlıların ana dili hüquqları da daxil olmaqla bütün hüquqlarının müdafiəsi uğrunda hər birimiz əlimizdən gələni etməyi bacarmalıyıq. Bu, məsələnin önəmli nüanslarından biridir. Amma, eyni zamanda, nə qədər ədalətsizliklər və qlobal nizamsızlıqlar hökm sürsə də, beynəlxalq əlaqələr sisteminin formalaşdığı münasibətlər çərçivəsində, özəlliklə Azərbaycanı sevməyən qüvvələrin sayının çox olduğunu da nəzərə aldıqda addımlar atarkən daha ehtiyatlı olmalıyıq. Bu baxımdan mən hesab edirəm ki, ölkəmizin Şimali Azərbaycan adlandırılması əsla uğurlu bir seçim olmaz”.

Tural İsmayılov hesab edir ki, bu məsələnin gündəmdə saxlanılması önəmli olsa da, tətbiqi gündəmə uyğun deyil.

“Çünki İrandakı aqressiv zehniyyət və qəsbkar şüur daim media vasitəsilə ictimai fikri manipulyasiya edərək Azərbaycan ərazilərini iddia irəli sürür və ölkəmizin sərhədlərini Şimali İran kimi adlandırır. Bu baxımdan mən hesab edirəm ki, Cənubi Azərbaycanın müstəqilliyi, Azərbaycana birləşməsi və eyni zamanda ölkəmizin adını dəyişən Şimali Azərbaycan adlandırılması ilə bağlı bu təkliflərin səslənməyi lazımlıdır. Amma hazırkı vəziyyətdə hansısa bir formada bizim bunu tətbiq etməyimiz real görünmür. Belə olacağı təqdirdə İran da rəsmi şəkildə Azərbaycanla bağlı təxribatçı addımlar atıb ölkəmizin adını başqa cür adlandıra bilər. Bu baxımdan hesab edirəm ki, rəsmi səviyyədə indiki məqamda belə bir addıma gedilməsi o qədər məqbul deyil”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR