FHN metroda təlim keçirib - VİDEO

Fövqəladə Hallar Nazirliyi və “Bakı Metropoliteni” QSC-nin birgə təşkilatçılığı ilə metronun “Qara Qarayev” stansiyasında təlim keçirilib.

FHN-dən Metbuat.az-a verilən xəbərə görə, təlimin mövzusu “Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı birgə fəaliyyətin təşkili” olub.

Təlimə rəhbərlik FHN-in Baş əməliyyat idarəsi tərəfindən həyata keçirilib.

Əvvəlcə, FHN-in “112” qaynar telefon xəttinə metronun “Qara Qarayev” stansiyası daxilində yerləşən alətlərin saxlanma otağında qatı tüstülənmə və yanğın barədə “məlumat daxil olub” və dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti və Bakı Regional Mərkəzinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Şərti hadisə ilə bağlı Metropoliten əməkdaşları tərəfindən ilk olaraq stansiyanın bağlanması, tuneldə işçi işıqların yandırılması, təmas relslərindən gərginliyin kəsilməsi üçün qısaqapayıcıların pozulması, keçid qapılarının açılması işləri həyata keçirilib.

FHN-in mobil yanğın-xilasetmə qrupları tərəfindən fərdi mühafizə vasitələrindən istifadə edilməklə operativ olaraq kəşfiyyat və əməliyyat şəraitinin qiymətləndirilməsi işləri aparılıb, qısa müddətdə şərti yanğın söndürülüb, xilasetmə vasitələri tətbiq edilməklə “zərərçəkmişlər” təxliyə olunaraq onlara “ilkin yardım göstərilib”.

Uğurla keçən təlimdən sonra nəticələr müzakirə olunub, FHN və Metropolitenin əməkdaşları arasında obyektdə baş verə biləcək fövqəladə hallarda xilasetmə işlərinin aparılması, zərərçəkmişlərə ilkin yardımın göstərilməsi və təxliyə zamanı təhlükəsizlik qaydaları ilə bağlı fikir mübadiləsi aparılıb.

Təlimə FHN-in ümumilikdə 5 ədəd texnikası və 41 nəfərdən ibarət şəxsi heyəti cəlb olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı