Ermənistan yeni müharibəyə başlaya bilər? - Deputatdan AÇIQLAMA

“Bu gün Qərbin bir sıra dövlətləri, eyni zamanda ABŞ Ermənistandan bir vasitə kimi istifadə etməklə nəyin bahasına olursa olsun, Qafqazda nüfuz sahibi olmaq istəyir. Hətta deyərdim ki, itmiş nüfuzlarını bərpa etmək üçün bu addımları atırlar”.

Bu sözləri Metbuat.az-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib. O deyib ki, Fransa işğal vaxtı özlərinin biznes fəaliyyəti ilə məşğul olaraq, bu və digər şəkildə çox ciddi vəsaitlər əldə edib:

"Bu gün demək olar ki, o yollar bağlıdır. Və buna görə yenidən Ermənistanı vasitə seçərək Cənubi Qafqaza qayıtmağa cəhd edirlər. Digər dövlətlərin də hərəsinin öz marağı var. Məlum məsələdir ki, Fransanın bu günə kimi irəvana verdiyi silahlar elə də ciddi silahlar deyil. Həmin o silahlar vasitəsilə Ermənistan müharibə apara bilməz.

Bundan başqa Rusiya da vaxtilə bağlanmış müqavilələrə əsasən müəyyən silah-sursatı Ermənistana verməyə başlayıb. Lakin onların heç biri bu gün Azərbaycan ordusunun hazırlıqlı olduğunu dərk edərək onun qarşısında dayanmağa qadir deyillər”.

Deputat qeyd edib ki, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini qorumaq üçün kifayət qədər silah-sursatı, döyüşkən ordusu, həmçinin düzgün apardığı daxili və xarici siyasəti var:

“Paşinyanın verdiyi son bəyanat və onların konstitusiyasında müstəqillik aktı deyilən qondarma qurumla Ermənistanın birləşdirilməsi ilə bağlı olan bir maddə ki var, bunlar hamısı sülhün bərqərar olması üçün maneələrdir. Lakin ciddi müharibənin baş verməsi və ya Fransanın Ermənistanı müharibəyə təhrik etməsi real görünmür. Çünki, istər Türkiyə, istər NATO-nun digər üzvləri və Azərbaycanın tərəfdaşları qəti imkan verməz ki, yenidən müharibə başlasın. Bunu Ermənistan özü belə istəməz. Çünki, sülhün bərqarar olması Ermənistanı düşdüyü vəziyyətdən çıxarda biləcək ən güclü amildir".

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı