Bu il Qafqazda müharibə ehtimalı var - "3 ssenari baş tuta bilər..."

"ABŞ-ın Xarici Əlaqələr Şurası (CFR) Azərbaycan və Ermənistanı 2024-cü ildə müharibə ehtimalı olan ərazilərə daxil edib. Qərb platformasında belə proqnozlar intensiv şəkildə irəli sürülür və daha çox “Azərbaycanın Ermənistana hücumu” kontekstində təqdim edilir".

Metbuat.az bildirir ki, bunu siyasi şərhçi Asif Nərimanlı qeyd edib.

O bildirib ki, CFR-nin proqnozu fonunda müəyyən ssenariləri təxmin etmək mümkündür: "Birinci ssenari, Zəngəzur dəhlizi uğrunda müharibədir. Qərbdə daha çox bu ssenarinin üzərində dayanılır, hərçənd ki, Azərbycan beynəlxalq reaksiyanı nəzərə alaraq, bu istiqamətdə hərbi addım atmayacaq. Bakı rəsmi İrəvanın Naxçıvana maneəsiz keçidin verilməsinə razı olacağı situasiyanın yaradılması məqsədilə Zəngəzur dəhlizi layihəsində alternativ marşturların işə salınması, Ermənistanın “dalan ölkə” olaraq saxlanılması planı üzrə hərəkət edir. İkinci ssenari, Qazaxın 4 kəndinin azad edilməsidir. Bakı və İrəvan arasında birbaşa təması həyata keçirən sərhədin delimitasiyası üzrə komissiyalarda aktual məsələ 8 kəndin taleyinin həll edilməsidir. Rəsmi Bakı anklav olmayan 4 kəndin - Qazaxın Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli kəndlərinin qaytarılmasını, anklav olan kəndlərin ikinci mərhələdə müzakirəsini təklif edir. Lakin Ermənistan bu və ya digər formada prosesdən yayınır. Seçkilərdən sonra, 4 kəndə nəzarətin bərpası istiqamətində hərbi addımın atılması ssenarisi mümkün variantlardan biridir".

Ekspert deyib ki, üçüncü ssenari, Ermənistanın sərhədboyu ərazilərdə təxribat hücumlarına əl atmasıdır: "Bu ssenaridə məqsəd, hərbi üstünlük əldə etməkdən daha çox, siyasi prosesləri sərhəd eskalasiyası üzərindən idarə etməkdir. Rəsmi İrəvan Moskvanın “müttəfiqliyindən” imtina etmək və Qərbin “təhlükəsizlik çətiri” altına sığınmaq məqsədilə, Azərbaycanla eskalasiyaya getmək ssenarisini hələ də aktual olaraq saxlayır. Qarşıdakı dövrdə bu senarinin tətbiqi istisna edilməməlidir.

Siyasi şərhçi bildirib ki, Qərb platformasında Azərbaycan-Ermənistan arasında müharibə riskinin qalması, məsələni xüsusilə “Azərbaycanın Ermənistana hücum hazırlığı” kontekstində təqdim edilməsi mümkün erməni təxribatına hazırlıq məqsədi daşıyır. Eyni zamanda, Azərbaycan ətrafında informasiya vakuumu yaradaraq, rəsmi Bakını danışıqların Qərb platformasında davam etdirilməsinə razı salmağa çalışırlar.

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı