Rusiya Qərbi Azərbaycanla bağlı hansı düşüncədədir? - TƏHLİL

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib ki, “Ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərin əvvəllərində Ermənistanı tərk etmiş azərbaycanlıların geri qayıtması üçün böyük həcmdə işlər görülməlidir”.

M.Zaxarova Azərbaycanın Qarabağ regionunun erməni sakinlərinin reinteqrasiyası planını dəstəklədiklərini vurğulayıb.

Məsələyə münasibət bildirən siyasi şərhçi Cavanşir Abbaslı Metbuat.az-a bildirib ki, Rusiya XİN-in sözçüsü belə fikirlərlə Ermənistanı bir daha cəzalandırdıqları barədə mesaj verir. O hesab edir ki, bu açıqlamalar təsadüfi deyil:

“Təbii ki, istənilən halda rus diplomatının dilindən səslənən bu fikirlər bizim üçün müsbətdir. Amma açığı Rusiya tərəfinin burada səmimi olduğuna inanmıram. Kreml Qərbi Azərbaycanın tarixinə qovuşacağına, yəni geri qaytarılacağına belə asanlıqla razılaşmaz. Amma bu bir tarixdir. Xankəndini necə xəyal edib reallaşdırdıqsa, Qərbi Azərbaycan xəyalımız da reallaşa bilər.

Zaxarova ermənilərin Qarabağa qayıtmasının necə çətin olduğuna Rusiya işarə edir. Əslində şimal qonşumuz Qarabağı tərk edən ermənilərin geri qayıtmaq istəmədiklərini yaxşı bilir. Ona görə də, daha çox bu fikirləri irəli sürür. Zaxarova təbii ki, belə fikirləri müstəqil şəkildə səsləndirmir. O, son zamanlar Kremlin sözçüsü kimi danışdığı üçün Moskvanın mesajlarını həm Azərbaycana, həm də Ermənistana çatdırır”.

Ermənistanın hazırkı “Qərb aşiqliyi”nin Azərbaycanın tam şəkildə maraqlarına cavab verdiyini vurğulayan analitik qeyd edib ki, yaxşı olardı ki, İrəvan bu siyasəti sona qədər davam etdirsin:

“Eyni zamanda, son illərdə, xüsusilə, II Qarabağ savaşı günləri və ondan sonra bu günə qədər də keçən zamanda biz Rusiya-Azərbaycan münasibətlərində durmadan istiləşmə müşahidə etməkdəyik. Bu siyasət də gördüyümüz qədəri ilə bizə daha çox uğur gətirməkdədir. Hesab edirəm ki, bu siyasətimizə da davam etməliyik. O zaman həm də Qərbi Azərbaycana qayıdış prosesinin başlama səbəblərindən biri də şimal qonşumuzla olan yaxın münasibətlərimiz olacaq”.

Politoloq Turan Rzayev isə düşünür ki, Mariya Zaxarova yaxşı bilir ki, erməniləri Qarabağa qayıtmaq niyyəti yoxdur.

Politoloq deyib ki, Ermənistan isə qalan ermənilərin demoqrafik faktorlar səbəbindən getməsini istəmir. Yəni ermənilərin Qarabağa qayıdışı bundan sonra olduqca çətindir və bu sırf özləri ilə bağlı təbii məsələdir:

“Qərbi azərbaycanlılara gəldikdə isə bu gün təşkilatlanan və ata-baba yurdlarına qayıtmaq istəyən yüzlərlə insan var. Yəni bu gün Ermənistan Azərbaycanın Qarabağ regionunun erməni sakinlərinin reinteqrasiyası planı bənzəri bir plan irəli sürsə Qərbi azərbaycanlılar daha aktiv və kütlələr halında qayıdar. Lakin Ermənistan bu məsələdə o qədər də maraqlı deyil. Zaxarova bütün bunları bilir və ona ünvanan sualdan yayınmaq üçün belə bir cavab verib.

Qərbi azərbaycanlıların Ermənistandan deportasiyası domino effekti yaratmış, Qarabağın işğalını mümkün edib. Yəni Qərbi azərbaycanlılar deportasiya edilməsə idi Ermənistan onlarla hesablaşmalı olacaq, onların reaksiyasını nəzərə alıb işğaldan çəkinəcəkdi”.

Turan Rzayev qeyd edib ki, Zaxarova konkret buna dair nəsə deməsə də, Qərbi azərbaycanlıların ata-baba torpaqlarına qayıdışı Bakının strateji hədəflərindəndir.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı