Bakıya gələn turistlərin sayında kəskin artım olub

"Azərbaycana gələn ərəb turistlərin sayında kəskin artım qeydə alınıb. 3 illik azalmadan sonra yenidən Körfəz dövlətlərindən Azərbaycana gələnlərin sayı artmaqdadır. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin ilk 5 ayında əvvəlki ilin yanvar-may ayları ilə müqayisədə Körfəz ölkələrindən gələnlərin sayı 1,5 dəfə artaraq 156,3 min nəfərə çatıb. Bu dövrdə AB və MDB-dən gələnlərin sayında isə dəfə deyil, faiz artımları qeydə alınıb: uyğun olaraq 31,1 və 24,0 faiz. Körfəz dövlətlərindən gələnlərinin sayının artması turizm mövsümünün başlanması və bu istiqamətdə təbliğat-təqdimat tədbirlərinin genişləndirilməsi ilə bağlıdır".

Metbuat.az xəbər verir ki, bunu iqtisadçı alim, millət vəkili Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, bütövlükdə bu ilin yanvar-may aylarında Azərbaycana 965,6 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 35,4 faiz çox tursit gəlib:

“Gələnlərin 28,8 faizi Rusiya, 18,2 faizi Türkiyə, 9,4 faizi Hindistan, 9,3 faizi İran, 4,3 faizi Gürcüstan, 3 faizi Qazaxıstan, 2,5 faizi Səudiyyə Ərəbistanı, 2,4 faizi Pakistan, hər birindən 1,7 faiz olmaqla Özbəkistan və Birləşmiş Ərəb Əmirlikləri, 1,4 faizi Ukrayna, hər birindən 1,3 faiz olmaqla Türkmənistan, Çin və Küveyt, 1,2 faizi Belarus, 12,2 faizi digər ölkələrin vətəndaşları olmuşdur.

Hindistandan gələn turistlərin sayındakı artımlar bu ölkənin ilk üçlüyə daxil olmasına səbəb olub. İndiyədək Azərbaycana ən çox turistin gəldiyi 3 ölkə yalnız qonşu dövlətlər olurdu.

Ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 2,8 dəfə, Hindistandan 2,6 dəfə, Cənubi Koreyadan 2,2 dəfə, Qazaxıstandan 1,8 dəfə, Filippindən 1,8 dəfə, İspaniyadan 1,7 dəfə, Səudiyyə Ərəbistanından 1,7 dəfə, Tacikistandan 1,7 dəfə, Qırğızıstandan 1,7 dəfə, Bəhreyndən 1,7 dəfə, Omandan 1,6 dəfə, İrandan 1,5 dəfə artıb.

Turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur. Pandemiyadan öncə illik turizm gəlirləri 2.7 milyard dollara yaxın idi. Bu sektor həmçinin məşğulluğa da xüsusi töhvə verir. Bu baxımdan, turizm infrastrukturunun daha da inkişaf etdirilməsi və qiymətlərin optimallaşdırılması Azərbaycana daha çox turistin gəlməsinə imkan yarada bilər. 2024-cü ilin ilk 5 ayında ölkəmizə gələn turistlərin sayında artım müşahidə olunsa da, daha qısa zamanda pre-pandemiya göstəricilərinə çatmaq prioritet olaraq qalmaqdadır”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı