Bizə qarşı xaricdən təhdidlər var - Qüdrət Həsənquliyev

"İnanıram ki, növbədənkənar parlament seçkiləri uğurla keçəcək, Azərbaycan bu seçkilərdən daha güclü formada çıxacaq. Ona görə ki, bizim qarşımızda böyük çağırışlar var".

Bunu Metbuat.az-a açıqlamasında millət vəkili Qüdrət Həsənquliyev deyib. O bildirib ki, hazırda Azərbaycana qarşı təhdidlər var: "Bizə qarşı xaricdən təhdidlər var. Bunlara sinə gərmək üçün Azərbaycanın daxilində birlik və həmrəylik olmalıdır. Ölkədə siyasi qüvvələr arasında rəqabət yaranmalıdır. Amma bu, cəmiyyətin parçalanmasına yol açmamalıdır və cəmiyyəti bölməməlidir. Çünki lazım olduğu zaman bir yumruq kimi birləşə bilməyi bacarmalıyıq. Artıq 500-ə yaxın şəxs öz namizədliyini irəli sürüb”.

Millət vəkilinin sözlərinə görə, bu gündən etibarən rəhbərlik etdiyi partiyadakı şəxslər də öz namizədliyini irəli sürəcək:

"Aktivlik kifayət qədər normaldır. Yəqin ki, bundan sonra daha çox insan namizədliyini irəli sürəcək. Yəqin ki, çox namizəd gözləyir ki, hakim Yeni Azərbaycan Partiyasının üzvləri öz namizədliyini irəli sürsün. Hakim Partiyanın iqtisadi və maliyyə resursları həddindən artıq böyükdür. Əlavə olaraq inzibati resurslar da var. Ona görə də, bir çox partiyalar namizədliyini irəli sürmürlər ki, hakim partiya hansı dairələrdən nisbətən zəif namizədi olacaqsa, həmin dairələrdən namizədliklərini irəli sürsünlər””.

Deputat deyir ki, 44 günlük savaşda Azərbaycan dövləti, o cümlədən hakim partiya böyük bir tarixi uğura imza atıb: "Biz seperatizmə son qoymuşuq və ərazi bütövlüyümüzü bərpa etmişik".

Mədinə Zaur / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı