Zəngəzur dəhlizi - Region ölkələrinin hansı maraqları var?

Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryan parlamentdə jurnalistlərə Azərbaycanla Ermənistan arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinin təmin olunmasının xarici özəl mühafizə şirkətinə verilməsinin istisna edilmədiyini bildirib. Eyni zamanda, Nikol Paşinyan kommunikasiya xəttinin mühafizəsinin xarici özəl təhlükəsizlik agentliklərindən birinə həvalə edilə biləcəyinin mümkünlüyün bəhs etmişdi. Bəs Zəngəzur dəhlizinə nəzarət məsələsində hansı versiyanın həata keçirilməsi daha realdır? Region ölkələri, Qərb və ABŞ-nin bu mövzuda maraqları nədən ibarətdir?

Metbuat.az-a mövzu ilə bağlı danışan siyasətçi Akif Nağı deyib ki, Ermənistan Zəngəzur dəhlizi ilə bağlı mövqeyində qalır:

"2020-ci il 10 noyabr razılaşmalarına görə, Zəngəzur dəhlizində Rusiya xüsusi xidmət orqanlarının nəzarəti nəzərdə tutulmuşdu. Amma Ermənistan o mövqedən xeyli vaxtdır geri çəkilib. Əsasən son vaxtlarda həmin yola Ermənistanın nəzarət etməli olduğunu iddia edirlər, alternativ olaraq xarici təhlükəsizlik şirkətlərinin də cəlb oluna biləcəyini ifadə edirlər. Mən hesab edirəm ki, bu Ermənistanın növbəti oyunbazlığıdır. Niyə hansısa şirkət tərəfindən nəzarət həyata keçirilməlidir? Paşinyan gecə-gündüz çalışır ki, ortaya "orijinal" bir fikir atsın və bunun ətrafında müzakirə getsin, amma real nəticənin əldə olunması üçün çalışmaq istəmir. Qeyri-ciddi təkliflər irəli sürür".

Siyasətçi vurğulayıb ki, region ölkələrinin və Qərbin Zəngəzur dəhlizi ilə bağlı maraqları müxtəlifdir:

"Qərb əlbəttə ki, Zəngəzur dəhlizinə Ermənistanın nəzarət etməsini istəyir. Bu region Qərb üçün çox vacibdir, tarixən də belə olub. Qərb tərəfindən İrəvanın silahlandırılması, ABŞ və Fransa tərəfindən Zəngəzurda müəyyən qüvvələrin yerləşdirilməsi, bunların hamısı həmin məqsədə xidmət edir ki, Zəngəzurda möhkəmlənsinlər və Ermənistanın əli ilə bu yolu nəzarətdə saxlasınlar. Rusiya öz mövqeyində qalır - üçtərəfli razılaşma əsasında planı həyata keçirmək istəyir. Amma başa düşür ki, müqavimət var - həm Qərb tərəfindən var, həm də İran açıq şəkildə Rusiyaya qarşı çıxış edir. Son vaxtlar Türkiyə, Azərbaycanın və Rusiyanın fikirləri təxminən eynidir, Azərbaycanın da maraqları nəzərə alınır.

Zəngəzur dəhlizinə nəzarət hansı formada olacaq, bunu proqnozlaşdırmaq çətindir. Dəhlizə başqaları nəzarət edəcəksə, azərbaycanlılar üçün vaxtaşırı problemlər yaradılacaq. Ona görə də, Azərbaycanın nəzarət etməsi lazımdır. Bu, Rusiyaya da, Türkiyəyə də sərf edir. Son zamanlar İranın bu mövzuda sərt mövqedən çıxış etməsi göstərir ki, İranın da bu plandan xəbəri var. Böyük ehtimalla, yenə də Azərbaycanın dedikləri olacaq, çünki Azərbaycan həm haqlıdır, həm də güclüdür".

Məsələ ilə bağlı danışan politoloq Əlimusa İbrahimov qeyd edib ki, Ermənistanın Zəngəzur dəhlizini xarici şirkətin idarəsi altına vermək ideyası yeni deyil:

"Zaman-zaman onlardan bu barədə bəyanatlar gəlir, amma bu ideyanın hələ reallaşdırılmamasının səbəbi də məhz Azərbaycan və digər region dövlətlərinin bunu uyğun görməməsidir. Dəhlizə birbaşa əlaqəsi olan region dövlətlərinin heç biri bu ideyanı dəstəkləmir. Azərbaycan isə ümumiyyətlə bu layihəni yaxın buraxmaq fikrində deyil. Çünki Ermənistan xarici şirkət adı altında öz məqsədlərini pərdələmək istəyir və Azərbaycanın bundan xəbəri var. İstənilən halda Ermənistanın bu mövzunu yenidən gündəmə gətirməsi vurnuxma içində olduğunu sübut edir.

Düşünürəm ki, nəticədə Azərbaycan və Rusiyanın bu mövzu ilə bağlı diqtəsini qəbul etmək məcburiyyətində qalacaqlar. Rusiyanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi dəyişməz olaraq qalır. Moskva üçtərəfli bəyanatda nəzərdə tutulan layihəni həyata keçirməkdə israr edir və sona qədər dəhlizin öz nəzarəti altında olmasına çalışacaq. Zəngəzur dəhlizi Rusiyanın istədiyi formada fəaliyyət göstərməsə, onun Kreml üçün heç bir əhəmiyyəti qalmayacaq. Rusiya Ermənistanın cəzalandırılması hesabına olsa belə, bu məsələldə öz istəyinə çatmaq niyyətindədir".

Politoloq həmçinin deyib ki, ABŞ və Qərbin Zəngəzur dəhlizi ilə bağlı əsas məqsədləri onun Rusiyanın nəzarəti altında fəaliyyət göstərməməsidir.

"Bu məqsədə nail olduqdan sonra onlar öz gündəliklərini və dəhlizlə bağlı tələblərini ortaya qoyacaqlar. Hazırda isə region üzrə digər layihələrdə olduğu kimi, burada da Rusiyanı sıxışdırmaq istiqamətində addımlar atırlar.

İran isə ümumiyyətlə Zəngəzur dəhlizinin fəaliyyətə başlamasının əleyhinə çıxır. Onun üçün dəhlizin kimin nəzarəti altında fəaliyyət göstərməsinin heç bir əhəmiyyəti yoxdur və hesab edir ki, dəhliz işə salınarsa, bu birmənalı şəkildə İranın mənafelərinə zərbə olacaq. Amma maraqlısı budur ki, Tehran dəhlizin açılmasını regionda sərhədlərin dəyişdirilməsi ilə bağlayır. Sanki Zəngəzur dəhlizi açılarsa, İranın Ermənistana gedən yolu bağlanacaq. Amma əslində belə deyil. Dəhlizin açılmasının İran-Ermənistan sərhədini bağlamaqla heç bir əlaqəsi yoxdur. Dəhliz İran-Ermənistan sərhədi hesabına fəaliyyət göstərməyəcək. Sadəcə İran Zəngəzur dəhlizinə etirazını digər vasitələrlə pərdələmək istəyir".

Cavidan Mirzəzadə / Metbuat.az

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması" mövzusu üzrə dərc olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı