Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Yüksəkixtisaslı Miqrant Proqramı təsis edilmişdir.
Metbuat.az xəbər verir ki, proqramın əsas məqsədi müasir tələblərə cavab verən yüksəkixtisaslı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında işləməsini təşviq etmək, onların bilik və bacarıqlarını ölkənin sosial-iqtisadi inkişafına istiqamətləndirmək, habelə bu sahədə çevik idarəetmə və əlaqələndirmə mexanizmini formalaşdırmaqdır.
Sözügedən Proqram iştirakçılarının müraciətlərinin qəbulunu və cavablandırılmasını “bir pəncərə” prinsipi əsasında təmin etmək məqsədilə Dövlət Miqrasiya Xidməti tərəfindən Yüksəkixtisaslı Miqrant Portalı yaradılmışdır. Portal “uğur hekayəsi üçün Azərbaycana yolunuz” ifadəsinin ingilis dilində qarşılığının (Your Path to Azerbaijan for Success Story) abreviaturasını özündə əks etdirən www.pass.gov.az ünvanı ilə təqdim olunur. Qeyd edək ki, “pass” sözü həm də miqrasiya sahəsində “keçid”, “icazə” mənasını bildirən termin kimi istifadə olunur.
Portalın Azərbaycan dili ilə yanaşı, türk, ingilis və rus dillərində fəaliyyət göstərməsi bu platformanın daha geniş auditoriyaya çıxışını təmin edir, Proqramla bağlı məlumatların müxtəlif dillərdə əlçatan olmasına şərait yaradır və yüksəkixtisaslı əcnəbilərin Azərbaycana marağının artmasına xidmət edir.
Portal istifadəçilərə Yüksəkixtisaslı Miqrant Proqramında iştirakla bağlı güzəştlər, tələblər, qiymətləndirmə meyarları və digər faydalı məlumatlar təqdim edir. Proqramda iştirak etmək istəyən əcnəbilər bu portal vasitəsilə qeydiyyatdan keçərək təhsil, iş təcrübəsi, xarici dil bilikləri və digər məlumatlarını təqdim etməklə elektron formada müraciət edə bilərlər.
Müraciətləri müsbət cavablandırılan və yüksəkixtisaslı miqrant statusu əldə edən əcnəbilərə Azərbaycan Respublikasında yaşamaq və əmək fəaliyyəti ilə məşğul olmaqla bağlı bir sıra güzəştlər tətbiq olunur. Portal, həmçinin Azərbaycanda fəaliyyət göstərən sahibkarlara da yeni imkanlar yaradır – işəgötürənlər qeydiyyatdan keçərək ehtiyac duyulan sahələr üzrə əcnəbi mütəxəssislər barədə sorğu göndərə və müvafiq məlumatları əldə edə bilərlər.