Azərbaycanda keçiriləcək I Avropa Oyunları öncəsi Avropa Parlamentində müzakirələrin aparılması bir növ tarixi ənənənin davamı kimi qiymətləndirilə billər. Belə ki, 2012-ci ildə Bakıda keçirilən "Avroviziya" musiqi yarışı öncəsi də Avropa Parlamenti Azərbaycana qarşı eyni mövqeni tutmuşdu. Həmin vaxt da bir sıra Qərb dairələri, erməni lobbisi Azərbaycanı qaralamaq üçün ən müxtəlif vasitələrə əl atdılar. İndi də eyni vəziyyət 12-28 iyun tarixlərində Bakıda keçiriləcək birinci Avropa Oyunları ərəfəsində yaranıb.
"Kaspi" qəzeti Avropa Parlamentində dinləmələr və bunun səbəbləri haqqında millət vəkillərinin fikirlərini öyrənib.
Millət vəkili Zahid Oruc bildirib ki, Avropa Parlamentində keçirilən dinləmələr Azərbaycan vətəndaşlarında hiddət və narazılıq yaradır: "Avropaya inteqrasiyanı seçən ölkəyə qarşı bu cür təzyiqlər, xüsusi ilə də bu təzyiqlərin I Avropa Oyunlarından qabaq olması təəssüfedici haldır. Bütün bunlar məsələnin demokratiya, insan haqları və sair olmadığını göstərir. Azərbaycana qarşı olan bu təzyiqlər Qərb dövlətlərinin regionla bağlı yürütdüyü siyasət ilə bağlıdır. Mən düşünürəm ki, əslində Avropa Parlamentində dinləmələrin, müzakirələrin əsas hədəfi Dağlıq Qarabağ münaqişəsi olmalı idi. Avropa dövlətləri bu məsələdə, bu problemin həllində öz prinsipial mövqelərini ortaya qoymalı idilər. Çünki Avropanın regionda nüfuzunun artması üçün Dağlıq Qarabağ münaqişəsinin həlli əsas şərtlərdən biridir. Həmçinin Qərb dövlətləri İran, Rusiya, hətta Türkiyədən fərqli olaraq beynəlxalq hüquq prinsiplərini qorumaqda daha israrlı görünürdü. Onların bu məsələ haqqında ardıcıl mövqeləri də var. Buna görə də Avropa Parlamentində sülh, dostluq yarışı keçirən Azərbaycanın torpaqlarının işğal altında qalması pislənməli idi. Lakin hazırda Avropa Parlamenti ölkəmizin əleyhinə olan mübarizə məkanına çevrilib. Amma Qərb dairələri bundan zərər görəcəklər. Çünki bu təzyiqlər regionda Qərbin mövqeyinə böyük zərbə vuracaq. Bu oyunlar sanki Rusiyanın və İranın dominantlıq etdiyi yarışlardır və onların istəkləri əsasında keçirilir. Mən hesab edirəm ki, həm ABŞ, həm də Avropa Parlamentində sinxron olaraq keçirilən belə "dəyirmi masa"lar, birtərəfli qaydada yalnız bu məsələdə bəzi şəxslərin fəallıq göstərməsi və Azərbaycan əleyhinə fikirlərin səsləndirilməsi çox səhv addımdır. Lakin Azərbaycan dövləti bütün bunları təhlil etdikdə demokratiya və insan haqları məsələsində Qərb dövlətlərinin nə dərəcədə səmimi olduğunu görəcək. Hətta nə vaxtsa Azərbaycanın işğal altında olan torpaqlarının 1 kvadratmetri belə azad olacağı təqdirdə, biz indidən Avropa ölkələrinin reaksiyasını hesablaya və proqnozlaşdıra bilərik. I Avropa Oyunları dostlarımızı və düşmənlərimizi müəyyənləşdirmək baxımından böyük bir sınaqdır. Yeri gəlmişkən, Azərbaycan dövləti düşmən qazanmaq üçün heç bir addım atmayıb. Əksinə, ölkəmizin əleyhinə olan "qara piar"a qarşı biz daha dözümlü olmuşuq".
O qeyd edib ki, hazırda erməni lobbisi Avropa məkanında özünəməxsus yer tutub: "Ermənilər bir çox siyasi, ictimai təşkilatlara daxil ola biliblər. Onların bir qismi isə bəzi maliyyə strukturlarında yer ala, möhkəmlənə biliblər. O cümlədən Qərb dövlətlərində lobbiçilik hüquqi aktlarla müəyyən olunub və qanunidir. Buna görə də erməni lobbisi siyasi dairələrə təzyiq etmək üçün bəzi addımlar ata bilir. Lakin Avropada son bir ildə Azərbaycan əleyhinə bəyanatların verilməsini, "qara piar"ın aparılmasını yalnız erməni amilinə bağlamaq düzgün deyil. Çünki son vaxtlar Qərb dövlətləri Azərbaycanın Rusiya əleyhinə bloklara qoşulmasına çalışır. Həmçinin dövlətimizin Avropa İttifaqının bizə təklif etdiyi "Şərq tərəfdaşlığı" proqramına qoşulmaması təzyiqin və dinləmələrin keçirilməsinin əsas səbəblərindən biridir. Bütün bunlara baxmayaraq, Azərbaycan sıradan bir ölkə olmadığını bütün dünyaya göstərdi. Dövlətimiz bütün təzyiqlərə baxmayaraq, seçdiyi kursdan dönməyəcəyini bir daha nümayiş etdirdi. Həmçinin son dövrlərdə erməni qüvvələrinə qarşı da layiqli mübarizə aparılıb. Bir çox hallarda isə ölkəmizin mövqeyi ön plana çıxıb".
Millət vəkili Fəzail Ağamalı Avropa Parlamentində Azərbaycan haqqında keçirilən dinləmələri mənfi qiymətləndirdiyini bildirib: "Bununla bağlı iyun ayının 9-da Milli Məclisdə müzakirələr aparmışıq. Bütün bunlar Azərbaycana qarşı təzyiqin növbəti dalğasıdır. Millət vəkillərinin hamısı belə addımları pisləyir. Hazırda Avropa Parlamenti də ölkəmizə qarşı olan anti-Azərbaycan qüvvələrinin yanında yer alıb. Bu, təəssüf doğurur".
F.Ağamalı qeyd edib ki, hazırda Avropa ölkələrində islamofobiya geniş vüsət alıb: "Buna görə də bəzi Qərb dairələri Azərbaycanın inkişafını həzm edə bilmir. Digər tərəfdən, Qərb dövlətləri öz istəklərini Azərbaycana diqtə etməyə çalışır. Ölkəmizi istədikləri kimi idarə etmək fikrindədirlər. Lakin Azərbaycan Prezidenti xalqımızın milli maraqlarını həyata keçirir və müstəqil siyasət yürüdür. Bütün bunlara görə, Qərb ölkələri bizə təzyiq göstərir və Avropa Parlamentində dinləmələr keçirilir. Bu cür təzyiqlər qeyri-obyektivdir. Azərbaycan hazırda Avropa ölkələrini Rusiya qazından asılılıqdan xilas etməyə çalışır. Amma bütün bunlara baxmayaraq, Qərb dairələri bizə qarşı qərəzli münasibət göstərir".