Tacikistanın paytaxtı Düşənbədə 10 nəfər HİV infeksiyasını qəsdən yaymaqda şübhəli bilinərək saxlanılıb.

Metbuat.az xəbər verir ki, şəhər polisinin məlumatına görə, 2026-cı ilin əvvəlindən aparılan araşdırmalar zamanı şübhəlilərin 60-dan çox şəxsi HİV-ə yoluxma riski ilə üz-üzə qoyduğu müəyyən edilib. Hüquq-mühafizə orqanları bildiriblər ki, bəzi HİV-pozitiv şəxslər öz statuslarını bildikləri halda digər insanlarla intim münasibətlərə girərək onları yoluxma təhlükəsi qarşısında qoyublar.

Polisin açıqladığı nümunələrdən birində 25 yaşlı qadının 20-dən çox gənc kişi ilə intim münasibətdə olduğu və onların HİV-ə yoluxma riski ilə üzləşdiyi bildirilir.

Faktlarla bağlı Tacikistan Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanıb və materiallar məhkəməyə göndərilib. Qanunvericiliyə əsasən, HİV daşıyıcısı olduğunu bilən şəxsin digər insanı yoluxdurması 2 ildən 5 ilədək, iki və ya daha çox şəxsi qəsdən yoluxdurması isə 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər.