Tovuz rayonunda Xatınlı avtomobil yolununun kənarında yerləşən su kanalında tapılan iki kişi meyiti aidiyyəti üzrə təhvil verilib.

Metbuat.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə Tovuz rayonu, Xatınlı kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən VAZ markalı minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat qəzasının baş verdiyi və avtomobilin idarəetməni itirərək su kanalına düşdüyü müəyyən olunub.

Yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü, 1996-cı il təvəllüdlü Həziyev Səid Sakit oğlunun meyiti və qəza nəticəsində su kanalına düşən vətəndaş, 1987-ci il təvəllüdlü Musayev Arzu Şahmar oğlunun meyiti kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.