“OpenAI” şirkəti 13-17 yaş arası istifadəçilər üçün xüsusi hazırlanmış “ChatGPT for Teens” sistemini istifadəyə verib.

Metbuat.az xəbər verir ki, yeni sistem süni intellektdən əsasən təhsil məqsədilə istifadə edən yeniyetmələr üçün nəzərdə tutulub. Burada “Dərs rejimi”, imtahanlara hazırlıq və vizual öyrənmə vasitələri kimi funksiyalar təqdim olunur.

Sistem şagirdin tapşırığı birbaşa süni intellektə həvalə etdiyini müəyyən etdikdə hazır cavab vermək əvəzinə onu məsələnin mərhələli şəkildə həllinə yönləndirir. Həmçinin “Dərs saatları” funksiyası vasitəsilə müəyyən vaxtlarda “Dərs rejimi” avtomatik aktivləşdirilə bilər.

Yeniyetmələr üçün təhlükəsizlik məhdudiyyətləri də gücləndirilib. Özünə zərərvermə, zorakılıq, qidalanma pozuntuları, təhlükəli fəaliyyətlər və seksual məzmunla bağlı əlavə qoruma mexanizmləri tətbiq olunur.

Valideynlər isə hesabları övladlarının hesabına bağlı olduqda “Sakit saatlar” müəyyənləşdirə, bəzi parametrlərə nəzarət edə və yüksək riskli hallarla bağlı bildirişlər ala biləcəklər.