Qazaxıstanın qərbində aparılan arxeoloji qazıntılar zamanı təxminən 1500 il əvvələ aid maraqlı tapıntı üzə çıxarılıb. Arxeoloqlar yüksək təbəqəyə mənsub gənc qadının məzarından qızıl detallarla bəzədilmiş ayaqqabı aşkar ediblər.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, qazıntılar Xəzər dənizi sahilində yerləşən Manqışlaq yarımadasında, Aktau şəhəri yaxınlığındakı Karakabak nekropolunda aparılıb. Məzarın eramızın V əsrinin ikinci yarısı ilə VI əsrin əvvəllərinə aid olduğu müəyyənləşdirilib.
Mütəxəssislərin diqqətini çəkən əsas tapıntı ayaqqabıların üzərindəki qızıl bəzəklər olub. Araşdırmalar göstərib ki, ayaqqabılar tamamilə qızıldan hazırlanmayıb. Onların toka və birləşdirici hissələri ağac və digər üzvi materiallardan hazırlanıb, üzəri isə nazik qızıl lövhələrlə örtülüb. Bu üsul ayaqqabılara qızıldan hazırlanmış görünüş verib.
Məzarda qadının geyimi və baş örtüyünün də zəngin bəzədildiyi müəyyən edilib. Burada dairəvi qızıl lövhələr, qırmızı parçadan hazırlanmış tac və maskanı xatırladan bəzəklər aşkarlanıb. Alın nahiyəsindəki əsas bəzəkdə Helenistik dövrdə geniş yayılmış Qorqoneyon təsvirini xatırladan motiv müəyyən olunub. Kəmər tokaları isə qanadlarını açmış yırtıcı quş formasında hazırlanıb.
Araşdırma zamanı ayaqqabı və kəmərdəki bəzi tokaların gündəlik istifadə üçün nəzərdə tutulmadığı da məlum olub. Onların normal şəkildə işləməsi üçün zəruri hissələrin olmaması bu əşyaların qadının sağlığında istifadə etdiyi aksesuarlardan daha çox dəfn mərasimi üçün hazırlandığını göstərir.
Arxeoloqlar hesab edirlər ki, tapıntılar qadının yüksək sosial statusunu göstərməklə yanaşı, Karakabakın həmin dövrdə mühüm yaşayış və ticarət mərkəzi olduğunu da ortaya qoyur. Tədqiqatçılar qızıl bəzəkli əşyaların yerli emalatxanalarda hazırlanmış ola biləcəyini düşünürlər. Ərazidə metal emalı, zərgərlik, şüşə istehsalı və dulusçuluqla bağlı izlər də aşkarlanıb.