Çində məktəblilərin təhlükəli dağ yollarından keçərək dərsə getməsinin qarşısını almaq üçün qeyri-adi nəqliyyat sistemi qurulub. Yunnan əyalətinin dağlıq ərazisində uçurum boyunca 288 metr hündürlüyündə şüşə lift inşa edilib. Yeni sistem sayəsində uşaqların məktəbə gedib-gəlmək üçün sərf etdiyi vaxt 3 saatdan 30 dəqiqəyə qədər azalıb.
Metbuat.az xəbər verir ki, Nizhuhe kəndi dərin vadinin dibində, məktəb isə dağın yuxarı hissəsində yerləşən Puli qəsəbəsindədir. Əvvəllər şagirdlər dik və təhlükəli cığırlardan keçərək məktəbə gedirdilər. Xüsusilə yağışlı havalarda bu yollar ciddi təhlükə yaradırdı.
Turizm layihəsi çərçivəsində uçurumun kənarında “Fuyao Ladder” adlı 288 metrlik şüşə lift quraşdırılıb. Qurğu təxminən 94 mərtəbəli binanın hündürlüyünə bərabərdir.
Lift sərnişinləri vadinin dibindən dağın yuxarı hissəsinə çıxarır. Şagirdlər daha sonra servis avtomobilləri və kanat sistemi ilə məktəblərin yerləşdiyi əraziyə çatırlar. Nəticədə əvvəl təxminən 3 saat davam edən yol 30 dəqiqəyə qədər qısalıb.
Qurğudan yalnız turistlər deyil, Nizhuhe və ətraf kəndlərin sakinləri də ödənişsiz istifadə edirlər. Bununla da uşaqların təhlükəli dağ cığırlarından keçməsinə ehtiyac qalmayıb.
Məlumata görə, layihənin dəyəri təxminən 9,5 milyon dollar təşkil edib. Lift saatda 1200 nəfərə qədər sərnişin daşıya bilir və 288 metrlik məsafəni təxminən 57 saniyəyə qət edir.
Yeni nəqliyyat sistemi həmçinin ucqar kəndlərin xarici aləmlə əlaqəsini yaxşılaşdırıb. Uçurumun kənarında yerləşən lift turistlər üçün maraqlı məkan olmaqla yanaşı, yerli sakinlərin gündəlik gediş-gəlişində də istifadə olunur.