Azərbaycan universitetlərində ixtisas seçimi başa çatıb. Bu il ali təhsil müəssisələrinə qəbul üçün planlaşdırılan yerlərin sayı ilə ixtisas seçimi edən abituriyentlərin sayı arasında ciddi fərq yaranıb. Bu vəziyyət ali məktəbə qəbul ola bilməyəcək minlərlə gəncin qarşısında yeni seçimlər meydana çıxarır.
Metbuat.az xəbər verir ki, 61 516 plan yerinə qarşı 87 139 abituriyent ixtisas seçimi edib. İlkin hesablamalara görə, bu rəqəmlər 25 623 nəfərin qəbuldan kənarda qala biləcəyini göstərir.
Bu mənzərə yalnız ali məktəblərə qəbul uğrunda rəqabətin yüksək olduğunu göstərmir. Eyni zamanda qəbul ola bilməyən və ya istədiyi ixtisasa düşə bilməyən gənclərin alternativ təhsil imkanlarına, o cümlədən xaricdə təhsilə yönəlməsi ehtimalını artırır. Məhz belə bir mərhələdə valideyn və abituriyentlərin verilən vədlərə daha diqqətlə yanaşması vacibdir.
Təhsil eksperti Məzahir Məmmədlinin sözlərinə görə, artıq indidən xaricdə “attestatla qəbul” vədi verən müxtəlif şirkətlərin fəallaşması təsadüfi deyil. Ekspert hesab edir ki, Azərbaycanda ali məktəbə qəbul şansını itirən və ya istədiyi ixtisasa qəbul ola bilməyən gənclər xaricdə təhsil şirkətləri üçün potensial müştəriyə çevrilir.

Fotoda: təhsil eksperti Məzahir Məmmədli
Məzahir Məmmədli bildirir ki, xaricdə təhsil almaq özlüyündə mənfi seçim deyil. Düzgün universitet və ixtisas seçildiyi, təhsilin keyfiyyəti, diplomun tanınması və məzun olduqdan sonra karyera imkanları əvvəlcədən araşdırıldığı halda xaricdə təhsil gənc üçün ciddi üstünlüklər yarada bilər. Problem xaricdə oxumaqda deyil, təhsilin yalnız “universitetə qəbul” faktına endirilməsindədir.
Ekspertin fikrincə, valideyn və abituriyentin əsas məqsədi övladını hansı yolla olursa-olsun xarici universitetə yerləşdirmək yox, onun gələcəyinə real təminat verə biləcək təhsil seçmək olmalıdır. Universitetin xarici ölkədə yerləşməsi və adının xarici səslənməsi onun avtomatik olaraq keyfiyyətli təhsil müəssisəsi olduğu anlamına gəlmir.
Bu baxımdan universitetin rəsmi statusu, akkreditasiyası, diplomunun Azərbaycanda tanınması, tədrisin keyfiyyəti, seçilən ixtisasın əmək bazarındakı perspektivi və məzunların karyera imkanları əvvəlcədən araşdırılmalıdır. Əks halda bu gün “universitetə qəbul oldun” xəbəri ilə sevinən gənc bir neçə il sonra diplomunun tanınması və ya işə qəbul məsələsində ciddi problemlərlə üzləşə bilər.
“Xüsusilə “100 faiz qəbul”, “imtahansız qəbul”, “attestatla universitetə yerləşdirmə” kimi ifadələr valideynlər üçün ciddi xəbərdarlıq siqnalı olmalıdır. Çünki belə vədlər bəzən təhsilin mahiyyətindən daha çox qəbul prosesinin asanlığı üzərində qurulur. Halbuki universitetə daxil olmaq hələ keyfiyyətli təhsil almaq və gələcəkdə uğurlu karyera qurmaq demək deyil”, - deyə ekspert vurğulayıb.
Məzahir Məmmədlinin sözlərinə görə, xaricdə təhsil bazarında valideynlərin narahatlığından və övladlarının ali məktəbə qəbul olunmaq istəyindən kommersiya məqsədilə istifadə edənlər də az deyil. Onun fikrincə, abituriyentin Azərbaycanda qəbul ola bilməməsi çıxılmaz vəziyyət demək deyil. Lakin məhz bu vəziyyətdən istifadə edərək ailələrə tələsik vədlər verilməsi də düzgün yanaşma sayıla bilməz.
Əsas məsələ “imtahansız qəbul” və ya “attestatla qəbul” imkanının mövcudluğu deyil, həmin qəbulun gəncin gələcəyi üçün nə vəd etməsidir. Çünki asan qəbul yolu ilə əldə olunan diplomun arxasında keyfiyyətli təhsil, tanınma və real karyera perspektivi yoxdursa, bu seçim sonradan ailə üçün həm maliyyə, həm də vaxt itkisinə çevrilə bilər.