Ermənistanın Baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv dörd ölkənin Ermənistanda ölkənin Aİİ-də qalması və ya Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı referendum keçirilməsi barədə birgə bəyanatını “dost jesti” kimi qiymətləndirib.

Metbuat.az xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb. Paşinyan brifinq zamanı bildirib ki, Aİİ-yə üzv dörd ölkənin liderlərinin bəyanatında referendum keçirilməsi ideyasına dəstək ifadə olunub. Onun sözlərinə görə, referendumun keçirilməsi təşəbbüsü əslində Ermənistan tərəfinə məxsus olub.

“Biz hesab edirdik ki, müəyyən mərhələdə referendum keçirilməlidir. Mən bu bəyanatı tələb kimi deyil, dost jesti kimi qəbul etdim”, – Ermənistanın baş naziri deyib. Paşinyan əlavə edib ki, Ermənistan balanslaşdırılmış xarici siyasət yürütməyə çalışır. O qeyd edib ki, ölkəsi Aİİ-nin üzvü olmaqla yanaşı, ittifaq ölkələri ilə münasibətləri inkişaf etdirir, eyni zamanda ABŞ, Gürcüstan, Çin, Fransa, Niderland və Qazaxıstanla strateji əlaqələr qurub. Ermənistan hökuməti, həmçinin Avropa İttifaqı ilə yaxınlaşma və mümkün üzvlük istiqamətində münasibətlərin inkişaf etdirilməsini gündəmdə saxlayır.