Futbol dünyasının əfsanəvi simalarından olan Ronaldinyo 11 illik fasilədən sonra yenidən peşəkar futbola qayıdıb. 46 yaşlı braziliyalı ulduz İtaliyanın C Seriyasında mübarizə aparan “Ravenna” ilə müqavilə imzalayıb.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, Ronaldinyo sonuncu rəsmi oyununu 2015-ci ildə “Fluminense”nin formasında keçirib. 2018-ci ildə karyerasını rəsmən başa vuran məşhur futbolçu 11 il sonra gözlənilməz qərarla yaşıl meydanlara dönüb.
Ronaldinyo “Ravenna”da yalnız futbolçu kimi deyil, həm də klubun səhmdarı kimi fəaliyyət göstərəcək. Klub onun rəsmi olaraq oyunçu kimi qeydiyyatdan keçiriləcəyini açıqlayıb. Bununla da braziliyalı ulduz C Seriyasında meydana çıxmaq hüququ qazanacaq.
Ronaldinho yeni komandasında karyerasının 300-cü qolunu vurmaq istəyini də gizlətməyib. O, bunun baş verməsinin çox gözəl olacağını bildirib. Bununla belə, meydana nə vaxt çıxacağı və neçə oyunda iştirak edəcəyi hələlik məlum deyil. Futbolçunun ilk turda “Reggiana” ilə səfər matçında forma geyinməyəcəyi açıqlanıb.
Ronaldinho karyerası ərzində “Barselona”, PSJ və “Milan” kimi nəhəng klubların formasını geyinib. O, 2005-ci ildə “Qızıl top” mükafatını qazanıb, 2002-ci ildə Braziliya ilə dünya çempionu olub və “Barselona” ilə UEFA Çempionlar Liqasının qalibi titulunu əldə edib.