NATO-nun Şərqi Avropadakı üzvləri ABŞ administrasiyasını Avropadakı hərbi mövcudluğunu azaltmaqdan çəkindirmək üçün amerikalı hərbçilərin yerləşdirilməsi ilə bağlı xərclərin daha böyük hissəsini öz üzərlərinə götürməyi təklif edirlər.

Metbuat.az “Bloomberg”ə istinadən xəbər verir ki, təşəbbüs avqustun 27-də Brüsseldə ABŞ müdafiə nazirinin siyasət məsələləri üzrə müavini Elbric Kolbi ilə keçiriləcək görüş üçün hazırlanır. Məqsəd Rusiyaya qarşı çəkindirmə imkanlarını qorumaqdır. Hazırda Pentaqon ABŞ-ın Avropadakı hərbi mövcudluğuna dair altı aylıq araşdırma aparır. Nəticələrin dekabrda açıqlanması gözlənilir.

ABŞ-ın Avropada rotasiya və təlimlərdən asılı olaraq 80-100 minə yaxın hərbçisi yerləşir. Onların üçdə birindən çoxu Almaniyadadır. Şərqi Avropada isə ABŞ qüvvələrinin sayı Baltikyanı ölkələrdə bir neçə yüzdən Polşada bir neçə minədək dəyişir.