“Trabzonspor” transfer çalışmalarını davam etdirir. Türkiyə klubu hücum xəttini gücləndirmək üçün Almaniyanın “Borussiya Dortmund” komandasının futbolçusu Fabio Silvanı heyətinə qatmaq istəyir.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, 24 yaşlı portuqaliyalı hücumçu “Borussiya Dortmund”da Seru Girassinin və Maksimilian Bayerin kölgəsində qalıb. O, hazırda komandanın üçüncü hücumçusu hesab olunur.

Bu vəziyyət futbolçunun klubdan ayrılmaq ehtimalını artırıb. “Trabzonspor” Silvanı ilk mərhələdə icarəyə götürmək istəyir. Alman klubunun isə mümkün razılaşmaya satınalma şərtinin daxil edilməsini gündəmə gətirdiyi bildirilir.

Fabio Silvanın ön xəttdə pressinq tətbiqi və hücumların qurulmasında iştirakı ilə seçildiyi qeyd olunur. “Trabzonspor” onu Paul Onuaçunun arxasında oynaya biləcək uyğun futbolçu kimi dəyərləndirir.

Bordo-mavililər daha əvvəl təmas qurduqları Silvanı transferə razı salmaq üçün səylərini davam etdirirlər. Transferin baş tutub-tutmayacağı isə futbolçunun qərarından asılı olacaq.