Neftin qiyməti ABŞ-nin İrana qarşı hərbi hücumlar əvəzinə iqtisadi təzyiqə üstünlük verəcəyini açıqlaması fonunda 85 dollardan aşağı düşüb.

Metbuat.az xəbər verir ki, Brent markalı neftin bir barelinin qiyməti 2,8 faiz azalaraq 84,86 dollar olub. WTI markalı neftin fyuçersləri isə 79,83 dollardan satılıb. Məlumata görə, qiymətlərdəki ucuzlaşmaya ABŞ-nin İrana qarşı yeni hərbi əməliyyat keçirmək ehtimalının azalması təsir edib. Bildirilir ki, İran və Oman arasında Hörmüzdə müvəqqəti ortaq dəhlizin istifadəyə verilməsi ilə bağlı razılaşma əldə olunması da neftin ucuzlaşmasını dəstəkləyib.

İran rəsmisi Kazım Qəribabadi bildirib ki, razılaşmaya əsasən Hörmüz boğazındakı daşınma marşrutunun eni 7 mil olacaq və daimi marşrutun yaradılması ilə bağlı danışıqlar davam etdiriləcək.