Hindistanda keçirilən tələbə etirazları zamanı 6 yaşlı uşağın baş nazirin istefasını tələb etməsi ölkədə geniş müzakirələrə səbəb olub. Aksiya zamanı jurnalistlərin suallarını cavablandıran uşağın siyasi açıqlamaları və daha sonra polis əməkdaşlarının müşayiəti ilə ərazidən uzaqlaşdırılması sosial şəbəkələrdə diqqət çəkib.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Bihar ştatının Patna şəhərində baş verib. Şəhərdə dövlət qulluğu imtahanları ilə bağlı tələblər irəli sürən işsiz gənclər və tələbələr etiraz aksiyası keçiriblər. Aksiya zamanı nümayişçilərlə polis arasında qarşıdurma yaşanıb.

Etirazçılar arasında Aditya adlı 6 yaşlı uşaq da olub. O, jurnalistlərin suallarını cavablandırarkən Biharın baş naziri Samrat Choudharynin istefa verməli olduğunu bildirib. Uşaq həmçinin nümayişçilərə qarşı sərt müdaxilə əmri verən şəxslərin cəzalandırılmasını istəyib.

Hadisədən sonra uşağın polis əməkdaşları tərəfindən ərazidən aparılması sosial şəbəkələrdə müxtəlif iddialara səbəb olub. Bəzi paylaşımlarda onun aksiyada iştirak etdiyi üçün saxlanıldığı bildirilib.

Lakin polis bu məlumatı təkzib edib. Hüquq-mühafizə orqanlarının açıqlamasına görə, uşaq həbs edilməyib. Onun qarşıdurma zonasından uzaqlaşdırılaraq təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvəqqəti olaraq polis bölməsinə aparıldığı bildirilib. Daha sonra uşaq valideynlərinə təhvil verilib.

Ailəsinin sözlərinə görə, uşaq aksiyaya sadəcə maraq göstərdiyi üçün gedib. Özü isə jurnalistlərə gələcəyi ilə bağlı narahatlığını ifadə edən bir vətəndaş kimi fikirlərini səsləndirdiyini bildirib.