Daşkənd, 12 iyun, AZƏRTAC
Cari ilin avqustunda Səmərqənddə keçiriləcək “Şərq təranələri” X Beynəlxalq Musiqi Festivalı (BMF) ilə əlaqədar mətbuat konfransı keçirilib.
Festivalın icraçı direktoru Turabek Mahmudov hazırlıqla bağlı ətraflı məlumat verib. Bildirib ki, UNESCO-nun himayəsi altında keçirilən bu böyük musiqi bayramında 60 ölkədən, o cümlədən Azərbaycandan musiqiçilərin iştirakı gözlənilir.
Diqqətə çatdırılıb ki, əgər birinci festivalda 31 ölkə təmsilçisi iştirak edirdisə, artıq doqquzuncu festivalda bu rəqəm 50-dən artıq olub.
Qeyd olunub ki, festival çərçivəsində “Şərq xalqlarının musiqi mədəniyyətinin oxşarlığı” adlı konfrans da keçiriləcək.
Qeyd edək ki, 1997-ci ildə keçirilən birinci BMF-də Azərbaycanın xalq artisti Simarə İmanova festivalın baş mükafatı “Qran-pri”yə layiq görülüb.
Sonrakı festivallarda Alim Qasımov, Aygün Bəylər, Qoçaq Əsgərov birinci, Zabit Nəbizadə isə ikinci yerləri tutublar.

Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd