"Süni intellektdən xəbərin hazırlanmasında müəllif kimi deyil, köməkçi kimi istifadə edilməlidir".

Metbuat.az-ın məlumatına görə, bunu “Bakupost.az” xəbər saytının baş redaktoru Elçin Zahiroğlu “Mediada İnnovativ Təşəbbüslərə Dəstək” İctimai Birliyinin təqdim etdiyi “Süni intellektin mediada yaratdığı imkanlar” mövzusunda video-müsahibədə deyib.

Onun sözlərinə görə, süni intellekt jurnalistə məlumatların dəqiqləşdirilməsi, araşdırılması və mətnin hazırlanması prosesini əhəmiyyətli dərəcədə sürətləndirmək imkanı verir. Baş redaktor qeyd edib ki, əsas problem süni intellektin özündə deyil, ondan necə istifadə olunmasındadır:

“Bəzən hansısa xəbər yazılıb. Mən deyirəm ki, bu süni intellektdir. Görürsən ki, onu gizlədirlər. Çünki düzgün istifadə eləmirlər. Ondan köməkçi kimi yox, müəllif kimi istifadə eləyirlər, etibarlı mənbə kimi istifadə eləyirlər”.

Elçin Zahiroğlu hesab edir ki, jurnalist süni intellektə düzgün istiqamət verməli, ondan əldə etdiyi məlumatları isə mütləq yoxlamalıdır.

“Əgər sən buna köməkçi kimi baxsan, bu sənin üçün fürsətdir. Yox, sən buna öz böyüyün kimi baxsan, redaktorun kimi baxsan, ona etibar eləsən, hər şeyi ona həvalə etsən, bu səni çox yanlış istiqamətə aparar”, - deyə baş redaktor vurğulayıb.

Onun sözlərinə görə, süni intellektin köməkçi kimi istifadəsi jurnalistin texniki işlərə sərf etdiyi vaxtı azaldır və daha çox araşdırma və təhlilə imkan yaradır.

Daha ətraflı videoda: