“Trend” informasiya agentliyi xəbərlərin yoxlanılması, faktların tutuşdurulması və mətnlərdəki səhvlərin müəyyənləşdirilməsi üçün süni intellektdən istifadə edir.
Metbuat.az xəbər verir ki, bunu “Trend” informasiya agentliyinin direktor müavini Elçin Alıoğlu “Mediada İnnovativ Təşəbbüslərə Dəstək” İctimai Birliyinin təqdim etdiyi “Süni intellektin mediada yaratdığı imkanlar” mövzusunda video-müsahibədə deyib.
Onun sözlərinə görə, “Trend” postsovet məkanında və Yaxın Şərqdə süni intellekt platformalarını gündəlik fəaliyyətinə inteqrasiya edən ilk media qurumlarından biridir:
“Trend”in istifadə etdiyi sistem xəbərin nə dərəcədə real olduğunu yoxlayır, məlumatları tutuşdurur, faktların düzgünlüyünü nəzərdən keçirir, həmçinin qrammatik və digər səhvləri müəyyənləşdirir”.
Elçin Alıoğlu bildirib ki, sözügedən süni intellekt sistemi bir neçə platformanın birləşdirilməsi əsasında hazırlanıb və agentliyin öz məhsuludur.
O qeyd edib ki, sistem bəzən jurnalistin hazırladığı xəbəri qəbul etmir və materialda fikrin tam təqdim olunmaması, foto və ya videonun olmaması kimi çatışmazlıqları göstərir.
“Süni intellekt jurnalisti əvəz edən deyil, onun işini asanlaşdıran texnologiya olmalıdır. Jurnalistin müəllif baxışı və hadisəni şəxsən müşahidə etməsi media məhsulunda əhəmiyyətini qoruyur, - deyə Elçin Alıoğlu bildirib.
Daha ətraflı videoda: