Səudiyyə Ərəbistanı Asiya bazarına satılan neftin qiymətini azaldıb.

Metbuat.az xəbər verir ki, bu həmlə ölkənin bazar payını qorumaq strategiyası ilə əlaqələndirilir. ABŞ-nin “Semafor” nəşrinin məlumatına görə, “Saudi Aramco” Asiyaya satılacaq “Arab Light” neftinin rəsmi satış qiymətini “Oman/Dubay” göstəricisindən bir barel üçün 2 dollar aşağı salıb. Məlumata görə, bu, 2020-ci ilin iyunundan bəri həmin neft növü üzrə Asiya bazarında qeydə alınan ən aşağı qiymət fərqidir. Bildirilir ki, “Aramco” avqust ayında da “Arab Light”ın qiymətini 1,5 dollar aşağı salmışdı. Xəbərdə qeyd olunur ki, qiymət endirimi Asiyada tələbin zəifləməsi və regional neft göstəricilərinin geriləməsi ilə bağlıdır. Bununla yanaşı, bu addımın OPEC+ daxilində artan rəqabət fonunda xüsusi əhəmiyyət daşıdığı vurğulanır. Məlumata görə, xüsusilə İraq daha yüksək hasilat kvotası tələb edir.

Bildirilir ki, Səudiyyə Ərəbistanının hasilatı məhdudlaşdıraraq qiymətləri yüksək saxladığı halda, Asiya bazarında rəqiblərinə daha çox pay itirə bilər. Digər tərəfdən, hasilat və satışları artırmaq qlobal neft təklifini yüksəldərək qiymətlərə təzyiq göstərə bilər.