Çində 26 mərtəbəli və 208 mənzildən ibarət yaşayış binasının cəmi 5 günə tikilməsi böyük marağa səbəb olub.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, Xiangyin bölgəsində inşa edilən “Jingdu Holon” adlı bina cəmi 120 saat ərzində tamamlanaraq istifadəyə hazır vəziyyətə gətirilib.

Təxminən 14 min kvadratmetr sahəni əhatə edən binanın inşasında ənənəvi beton tökmə üsulundan istifadə edilməyib. Bunun əvəzinə konstruksiyanın əsas hissələri əvvəlcədən fabrikdə hazırlanıb.

Təxminən 12 metr uzunluğunda olan modullara elektrik, su və kondisioner sistemləri də əvvəlcədən quraşdırılıb. Hazır konstruksiyalar daha sonra tikinti sahəsinə daşınaraq burada bir-birinə birləşdirilib.

Tikinti prosesinə təxminən 100 işçi və müxtəlif kranlar cəlb olunub. Zavodda əvvəlcədən hazırlanmış modullardan istifadə edilməsi həm işin sürətini artırıb, həm də tikinti müddətini əhəmiyyətli dərəcədə azaldıb.

Nəticədə 26 mərtəbəli və 208 mənzilli bina cəmi 5 gün ərzində tamamlanaraq istifadəyə hazır vəziyyətə gətirilib.

Bu texnologiyanın gələcəkdə iri yaşayış layihələrinin daha qısa müddətdə və daha səmərəli şəkildə həyata keçirilməsində istifadə oluna biləcəyi bildirilir.