Ukrayna hakimiyyəti Rusiya və Belarusla sərhəddə təhlükəsizlik tədbirlərini sərtləşdirib. Nazirlər Kabinetinin qərarı ilə sərhəd boyunca xüsusi rejim tətbiq olunacaq.

Metbuat.az xəbər verir ki, Ukrayna Dövlət Sərhəd Xidmətinin məlumatına görə, məhdudiyyətlər Rusiya və Belarusla dövlət sərhədi boyunca 1 kilometr enində torpaq zolağını əhatə edəcək.

“Hərbi vəziyyət dövründə Rusiya Federasiyası və Belarusla dövlət sərhədi boyunca 1 kilometr enində torpaq sahələrində xüsusi sərhəd rejimi yaradılacaq”, – açıqlamada bildirilib.

Qərar Ukraynada hərbi vəziyyət davam etdiyi müddətdə qüvvədə olacaq.

Qeyd olunur ki, xüsusi rejimin tətbiqi sərhədyanı ərazilərdə nəzarətin və təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə xidmət edir.