Əlcəzair Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə diplomatik münasibətləri kəsmək qərarına gəlib.

Metbuat.az xəbər verir ki, bu barədə Əlcəzair Xarici İşlər Nazirliyinin açıqlaması ölkənin rəsmi xəbər agentliyi APS-də yayımlanıb. Bildirilib ki, iki ölkə arasındakı münasibətlərin qorunması üçün bütün imkanlar tükəndikdən sonra BƏƏ ilə diplomatik əlaqələr dayandırılıb. Açıqlamada BƏƏ-nin artan “təxribatçı və düşmənçilik xarakterli” addımlarına qarşı Əlcəzairin təmkinli və məsuliyyətli mövqe nümayiş etdirdiyi qeyd olunub. Məlumata görə, Əlcəzair tərəfi BƏƏ-ni dəfələrlə xəbərdar etsə də, qarşı tərəf bu addımlarında israr edib. Əlcəzair Xarici İşlər Nazirliyi bildirib ki, BƏƏ-nin hərəkətləri iki suveren dövlət arasındakı münasibətlər çərçivəsində artıq qəbul edilə və cavabsız buraxıla biləcək həddi keçib.

Açıqlamada deyilir ki, BƏƏ-nin Əlcəzairdəki səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və ona ölkəni tərk etməsi üçün 48 saat vaxt verilib.