İtaliya, Fransa, İspaniya və Portuqaliya sahilləri boyunca təxminən 6 min kilometr əraziyə yayılan Argentina qarışqalarının nəhəng superkoloniya yaratdığı aşkarlanıb.

Metbuat.az xəbər verir ki, alimlərin araşdırmaları milyardlarla işçi qarışqadan və milyonlarla yuvadan ibarət bu sistemin vahid sosial şəbəkə kimi fəaliyyət göstərdiyini ortaya qoyub. 2002-ci ildə Atlantik okeanı və Aralıq dənizi sahillərindəki 33 populyasiyadan götürülən nümunələr üzərində aparılan davranış testləri qarışqaları iki əsas qrupa ayırıb.

Bildirilir ki, İtaliyadan Portuqaliyaya qədər yayılan əsas qrupun üzvləri bir-birlərinə qarşı aqressiv davranmayıb, Kataloniya qrupundan olan qarışqalarla qarşılaşdıqda isə yüksək səviyyədə hücum nümayiş etdiriblər. Mütəxəssislərin sözlərinə görə, söhbət vahid və fasiləsiz yeraltı tuneldən deyil, ortaq davranış sərhədi və kimyəvi tanınma mexanizmi ilə əlaqələnən yuvalar şəbəkəsindən gedir. Qarışqaların bir-birini bədən səthindəki kutikulyar karbohidrogenlər vasitəsilə tanıdığı qeyd olunur.

Qeyd edək ki, Kaliforniyada aparılan oxşar araşdırmada isə 5 milyon qarışqanın yaşadığı və 650 kvadratmetr əraziyə yayılan yuva şəbəkələrinin bir-biri ilə əlaqəli məhəllələr formasında fəaliyyət göstərdiyi müəyyənləşib.