ABŞ-nin Rusiya və İran siyasəti, qlobal enerji bazarında baş verən proseslər və strateji nəqliyyat dəhlizləri ətrafında yaranan gərginlik dünya iqtisadiyyatı üçün ciddi risklər yaradır.
Xüsusilə Rusiyanın enerji infrastrukturuna zərbələr, Hörmüz və Bab əl-Məndəb boğazlarında neft axınının mümkün məhdudlaşması, eləcə də ABŞ-nin strateji neft ehtiyatlarından istifadə etməsi enerji qiymətlərinin gələcəyi ilə bağlı sualları artırır.
Bu proseslərin fonunda neftin qiymətinin 150–200 dollar barel səviyyəsinə yüksəlməsi ehtimalı, ABŞ-nin İran və Rusiyaya fərqli yanaşmasının səbəbləri və mümkün enerji ssenariləri xüsusi maraq doğurur.
Mövzu ilə bağlı politoloq Turab Rzayev Metbuat.az-ın suallarını cavablandırıb:
- Turab bəy, ABŞ-nin Rusiyanın enerji infrastrukturuna zərbələri qlobal neft və neft məhsulları bazarına, xüsusilə benzin, dizel və təyyarə yanacağının qiymətlərinə necə təsir göstərə bilər?
ABŞ-nin Rusiya ilə bağlı mövqeyi müəyyən mənada anlaşılandır. Belə ki, ABŞ uzun müddət Rusiyadan bir sıra məhsullar, xüsusilə dizel yanacağı, təyyarə yanacağı və digər neft məhsulları idxal edib. Nəzərə alsaq ki, son vaxtlar ABŞ-da bu məhsullar üzrə müəyyən qıtlıq yaranıb, vəziyyətin enerji bazarına təsirini də nəzərə almaq lazımdır. ABŞ-da uzun müddətdən sonra ilk dəfə dizel yanacağının qiyməti 6 dollar həddini keçib. Benzinin qiymətinin isə bəzi ştatlarda, xüsusilə Kaliforniyada, 8 dollara qədər yüksələcəyi gözlənilir. Digər tərəfdən, təyyarə yanacağı ilə bağlı da qıtlıq yaranıb.
Bu məhsulların böyük hissəsi Rusiyadakı neftayırma zavodlarında emal olunur və dünya bazarına, o cümlədən ABŞ-yə ixrac edilirdi. Bu ixrac müəyyən mənada dünya bazarında qiymətlərin daha da artmasının qarşısını alırdı. İndiki mərhələdə isə Rusiyanın neftayırma zavodlarına yönələn hücumlar istər-istəməz qlobal bazarda məhsul qıtlığını, xüsusilə dizel yanacağı və benzinin çatışmazlığını daha da artırır. Bu da həm məhsul çatışmazlığına, həm də qiymətlərin yüksəlməsinə səbəb olur.
Bu baxımdan ABŞ-nin Rusiyanın enerji infrastrukturuna zərbələr məsələsində mövqeyini də bu kontekstdə qiymətləndirmək olar.
- Hörmüz və Bab əl-Məndəb boğazlarında neft axınının məhdudlaşması fonunda neftin bir barelinin 150–200 dollar səviyyəsinə yüksəlməsi nə dərəcədə realdır və bu, dünya iqtisadiyyatına hansı nəticələri verə bilər?
ABŞ-nin əsas məqsədlərindən birinin İran neftinə nəzarəti əldə etmək olduğunu düşünürəm. Yəni İran hansısa formada Venesuela modelinə bənzər şəkildə razılaşaraq neft resurslarının idarə olunması məsələsində ABŞ-la ortaq yol seçməlidir. Əks halda ABŞ Hörmüz boğazının blokadasını davam etdirərək İranın neft ixracına nəzarət etməyə çalışa bilər. Bununla yanaşı, ABŞ Venesueladan başqa ölkələrə çıxardığı nefti daha rahat şəkildə Avropaya çatdırmaq imkanına malik olur və beləliklə, qlobal enerji bazarında xüsusi rolunu gücləndirir. İranın neft resurslarına münasibətdə ABŞ-nin addımlarını da məhz öz geosiyasi və enerji maraqları kontekstində nəzərdən keçirmək lazımdır.
Aydın məsələdir ki, enerji hazırda dünya iqtisadiyyatının və maliyyə sabitliyinin əsas amillərindən biridir. Ona görə də ABŞ maksimum dərəcədə dünya enerji resurslarına nəzarət etməyə çalışır. Məhz buna görə Nigeriyada enerji resursları ilə bağlı ABŞ təzyiqi, Venesuelaya nəzarət məsələsi, İran və Hörmüz boğazı ilə bağlı planlar eyni kontekstdə qiymətləndirilə bilər.
ABŞ hesab edir ki, Çinin qlobal güc kimi inkişaf etdiyi bir mərhələdə ona nəzarət etməyin ən rahat yollarından biri dünya enerji resurslarına və bu resursların daşındığı əsas arteriyalara nəzarət etməkdir. Buna görə də biz ABŞ-ın müxtəlif regionlarda, o cümlədən İran və Hörmüz boğazı ilə bağlı addımlarını bu kontekstdə də qiymətləndirə bilərik.
Bununla belə, ABŞ-nin Rusiya və İrana fərqli yanaşdığını düşünürəm. ABŞ çalışır ki, Rusiyaya müəyyən mənada nəfəs imkanı verilsin və Rusiya neft və neft məhsullarını dünya bazarına çıxara bilsin. Hətta son günlər İran və Hörmüz boğazı ətrafında yaranmış proseslərlə əlaqədar Rusiyanın neft sektoruna müəyyən yumşalmaların tətbiq olunduğunu gördük. Rusiya nefti isə ən çox satılan və eyni zamanda Çin və digər ölkələrə nisbətən daha rahat şəkildə çatdırılan enerji resurslarından biri olmaqda davam edir.
- ABŞ-nin Ukrayna məsələsində Avropanı ön plana çıxarması, İranla bağlı isə hələ yekun strategiya formalaşdıra bilməməsi fonunda Hörmüz və Bab əl-Məndəb boğazlarında neft axınının məhdudlaşması qlobal enerji bazarına necə təsir göstərə bilər və ABŞ-nin strateji neft ehtiyatları qiymət artımını nə qədər müddət ərzində kompensasiya edə bilər?
Ukrayna ilə bağlı məsələdə ABŞ özünün prosesdən kənara çəkilməsinə və məsələnin daha çox Avropanın problemi kimi təqdim edilməsinə çalışır. Vaşinqton istəyir ki, Böyük Britaniya və digər Avropa ölkələri bu məsələ ilə daha çox məşğul olsunlar. İran məsələsində isə ABŞ-ın hələlik tam yekun həll formatı yoxdur. Göründüyü kimi, müxtəlif manevrlərə baxmayaraq, ABŞ hələ də yekun nəticəyə çata bilməyib.
Xüsusilə Hörmüz boğazına nəzarətin itirilməsi və ya boğaz ətrafında yaranan proseslər qlobal neft axınına böyük təsir göstərir. Belə ki, Səudiyyə Ərəbistanının Şərq-Qərb xətti üzrə göndərdiyi əlavə 4 milyon barelə yaxın neftin daşınmasının dayanması da bazara ciddi təsir göstərir. Faktiki olaraq, dünyada Hörmüz boğazından keçən neft axınının təxminən 20 faizinin dayanması ilə yanaşı, Bab əl-Məndəb boğazının bağlanması da qlobal neft axınının təxminən 4 faizinin dayanması deməkdir. Bu vəziyyət neftin qiymətinin 120 dollara qədər yüksəlməsinə səbəb olur.
- ABŞ-nin İran və Rusiyaya fərqli yanaşmasının arxasında hansı enerji və geosiyasi maraqlar dayanır? Rusiya ilə mümkün anlaşma İran neftinin bazarda yaratdığı boşluğu kompensasiya edə bilərmi?
Nəzərə alsaq ki, ABŞ neft qiymətlərini hələlik strateji neft ehtiyatlarından bazara əlavə neft çıxarmaqla müəyyən qədər tənzimləyir, əks halda qiymətlərin 150, hətta 200 dolları görməsi mümkündür. Lakin ABŞ-ın strateji neft ehtiyatlarından bazara çıxara biləcəyi resursların da müəyyən həddi var. Bu ehtiyatların indiki tempdə maksimum bir ay yarım-iki aylıq müddət üçün kifayət edə biləcəyi nəzərə alınır. İndi isə bu müddətin bir aya qədər azalması da mümkündür.
ABŞ-nin strateji neft ehtiyatları tükəndikdən sonra neft qiymətləri çox sürətlə yüksələ bilər və bu, dünya iqtisadi və maliyyə sabitliyinə çox böyük təhdid yaradar. Ona görə düşünürəm ki, ABŞ ilk növbədə İran və Hörmüz boğazı ilə bağlı hansısa addım atmağa çalışır. Əks halda dünya çox böyük maliyyə və iqtisadi böhranla üzləşə bilər.
Neft qiymətləri 150, hətta 200 dollara çata bilər. Burada ABŞ-nin İran və Ukrayna məsələlərinə yanaşması da fərqlənir. Ukrayna məsələsində ABŞ Avropalı müttəfiqlərindən fərqli olaraq Rusiyaya daha mülayim yanaşma sərgiləyirsə, İran məsələsində Vaşinqton kifayət qədər sərt mövqe tutur. Eyni zamanda, Avropa ölkələri İran məsələsində tərəf kimi görünməkdən və ABŞ-ın yanında bu münaqişədə birbaşa iştirak etməkdən çəkinirlər. Beləliklə, ABŞ-ilə Avropanın mövqeləri burada müəyyən mənada fərqlənir. Düşünürəm ki, indiki mərhələdə dünya neft qiymətlərinin, dünya iqtisadiyyatının, maliyyə və siyasi sabitliyin gələcək taleyini daha çox Hörmüz boğazı və Bab əl-Məndəb boğazında baş verən proseslər müəyyən edəcək. Digər mümkün ssenari isə ABŞ-nin Rusiya ilə hansısa ortaq mövqe əldə etməsidir. Bu halda Rusiyanın daha çox neftinin dünya bazarına çıxarılması təmin edilə və bununla da İranın Hörmüz boğazından keçən neftinin yaratdığı çatışmazlığın müəyyən qədər kompensasiya olunmasına çalışıla bilər.