“Trabzonspor”da baş məşqçi axtarışları ilə bağlı sürpriz inkişaf yaşanıb. Bordo-mavili klubun almaniyalı mütəxəssis Tomas Reyslə anlaşdığı bildirilir.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, “Trabzonspor” rəhbərliyi hazırda Bolqarıstanın “Ludoqorets” klubunu çalışdıran 52 yaşlı Tomas Reis ilə danışıqlara başlayıb. Tərəflərin ilkin razılığa gəldiyi və almaniyalı mütəxəssisin yaxın günlərdə rəsmi müqaviləyə imza atmasının gözlənildiyi qeyd olunur. Reysin bu axşam Trabzona gələcəyi bildirilir.

Tomas Reis Türkiyə futboluna yaxşı bələddir. O, 2024-cü ilin iyulundan 2026-cı ilin fevralına qədər “Samsunspor”un baş məşqçisi olub. Almaniyalı çalışdırıcı bu komandanın başında 72 rəsmi oyuna çıxıb. Bu görüşlərdə 33 qələbə, 18 heç-heçə və 21 məğlubiyyət əldə edib.

Reis “Samsunspor”dan ayrıldıqdan sonra “Ludoqorets”in başına keçib. Hazırda Bolqarıstan klubunun çempionatda uğurlu çıxış etdiyi və 9 turdan sonra 23 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşdığı bildirilir.