Neftçala rayonunun İkinci Mayak kəndi ərazisində Kür çayının vaxtilə Xəzər dənizinə qovuşan qədim ana yatağının izləri üzə çıxıb.

Metbuat.az Report-a istinadən xəbər verir ki, vaxtilə bu ərazidən keçən Kürün yatağı kifayət qədər dərin və gursulu olub.

Sakinlərin sözlərinə görə, ötən əsrin ortalarında çayın dərinliyi bəzi hissələrdə 7 metrə çatıb, ərazi həm balıqçılar, həm də çay-dəniz arasında hərəkət edən gəmilər üçün mühüm su yolu sayılıb.

Kürün Xəzərə çıxışında yerləşən İkinci Mayak kəndində 1965-ci ildə inşa edilmiş 56 metr hündürlüyündə mayak da həmin dövrdə ərazidən keçən gəmilərin istiqamətləndirilməsində mühüm rol oynayıb.

Hazırda isə Kürün qədim Ana yatağının böyük hissəsi quruyaraq qum və çöküntülərlə örtülüb.

İkinci Mayak kəndinin sakini Fəxrəddin Orucov bildirib ki, təxminən 20 il əvvəl Kür bu ərazidən keçərək 7 qolla Xəzər dənizinə tökülüb.

Onun sözlərinə görə, çayın axınının zəifləməsi yatağın sürətlə lillənməsinə səbəb olub: "Dəniz qalxdıqca Kürün axını azaldı və geri çəkildi. Kənddən təxminən 4 kilometr dənizə doğru çökək ərazi var idi. Oradan 7 qol açıldı. Bu qolların yaranması Kür çayının əsas yatağında su axınının azalmasına səbəb oldu. Suyun təxminən 80 faizi həmin qollardan axırdı. Burada suyun gücü azaldığına görə lillənmə sürətləndi və yataq indiki vəziyyətə düşdü".

Sakinlər bildirib ki, sonrakı mərhələdə əsas yatağın əvəzində şimal istiqamətində yeni qol qazılıb. Uzunluğu 7 kilometrdən çox olan köhnə yatağın əvəzinə təxminən 2 kilometr uzunluğunda yeni qolun çəkilməsi su axınının istiqamətini dəyişib və müəyyən dərəcədə sel təhlükəsinin qarşısının alınmasına imkan verib.