Can Azərbaycanımıza və Prezident cənab İlham Əliyevə qarşı yönəlmiş məsuliyyətsiz, haqsız və düşünülməmiş hücumları şiddətlə qınayıram.

Metbuat.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı sabiq səfiri, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşləq, Həmrəylik Fondu İdarə Heyətinin üzvü Hulusi Kılıç deyib.

"İki dövlət arasında soyuqluq yaratmağın kimə xidmət etdiyini bilirsinizmi?

Əvvəla, bunu unutmayın: Azərbaycan müstəqil və suveren dövlətdir. Azərbaycanın daxili işlərinə və xarici siyasətinə qarışmaq heç kimin nə haqqıdır, nə də həddinədir. Bəyənirsiniz, bəyənmirsiniz, səsinizi kəsin və oturun.

Biz bir ailəyik. Azərbaycana hücum ailəyə hücum deməkdir.

Xahiş edirəm, yazdıqlarımı diqqətlə oxuyun:

- Azərbaycan Türkiyədəki iri investisiyaları ilə milyonlarla Türkiyə vətəndaşını işlə təmin edir.

- Türkiyədə yanğın və ya təbii fəlakət baş verəndə ilk gələn və sonuncu gedən Azərbaycan olub.

- 6 fevral zəlzələlərindən dərhal sonra da ilk gələn, sonuncu gedən və ən çox yardım göstərən, Kahramanmaraşda yüzlərlə yaşayış evi və iş yeri inşa edən Azərbaycan olub.

- Prezident cənab İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) inkişafı və güclənməsi üçün xüsusi səy göstərir. 2009-cu il oktyabrın 3-də keçirilən Naxçıvan Zirvəsinə ev sahibliyi edərək TDT-nin əsasını təşkil edən Türk Şurasının yaradılması üçün xüsusi səy göstərib.

Həmin dövrdə Azərbaycanın Bakı şəhərindəki səfiri olduğum üçün cənab Əliyevin xidmətlərini və səylərini şəxsən görmüşəm.

- Prezident cənab İlham Əliyev Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) tanınması üçün əlindən gələni edir. ŞKTC-nin keçmiş prezidenti cənab Ərsin Tatar Azərbaycana səfəri zamanı dövlət başçısına uyğun protokolla qarşılanaraq qəbul edilib.

Cənab Əliyev ŞKTC-nin TDT-də müşahidəçi qismində qəbul olunması üçün böyük səy göstərib.

- Prezident cənab İlham Əliyev Azərbaycan və ŞKTC parlamentləri arasında dostluq qrupunun yaradılması barədə göstəriş verib.

2025-ci ildə parlamentlərarası dostluq qrupu fəaliyyətə başlayıb.

Sizdən soruşuram: ŞKTC-yə bu qədər yaxın, onu bu qədər dost və qardaş hesab edən başqa bir ölkə varmı?

Bundan əlavə, Prezident İlham Əliyev ötən il Ada Universitetində keçirilən və mənim də iştirak etdiyim beynəlxalq konfransda bir suala cavab verərkən bildirmişdi ki, 2024-cü ildə Türkiyə ilə İsrail arasında münasibətlərin gərgin olduğu dövrdə bu münasibətlərin yumşalmasında böyük rol oynayıb. Belə ki, BMT Baş Assambleyasının sessiyası zamanı İsrailin baş naziri Benyamin Netanyahunun Nyu-Yorkdakı Türk Evində Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanla görüşməsində onun mühüm rolu olub.

Azərbaycan-İsrail münasibətləri siyasi və strateji əməkdaşlığa əsaslanır.

- İsrail İkinci Qarabağ müharibəsi zamanı ən qabaqcıl və müasir silahlarını Azərbaycana verib. Ermənistan istəməsinə baxmayaraq, həmin silahları ona verməyib.

- Qarabağ müharibəsi zamanı ABŞ-dakı yəhudi və erməni lobbiləri ilə bağlı məsələlərdə İsrailin rolu olub.

- İsrail Avropada və Amerikada hər zaman Azərbaycana dəstək verib.

Azərbaycan-Fələstin münasibətlərinə nəzər salaq.

- Azərbaycan 1992-ci ildə Fələstin dövlətini tanıyıb.

- 2011-ci ildə Fələstin Prezidenti Mahmud Abbasın iştirakı ilə Bakıda Fələstin səfirliyi açılıb. Səfirliyin bütün xərcləri Azərbaycan hökuməti tərəfindən qarşılanır.

- Azərbaycan paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin yaradılmasını dəstəkləyir.

- 2023-cü ildə Ramallahda Azərbaycanın nümayəndəliyi açılıb.

- Azərbaycan Qəzzada törədilən soyqırımına səssiz qalmayıb, BMT-də keçirilən səsvermələrdə Fələstinin lehinə səs verib.

- Azərbaycan Qəzzaya humanitar yardım göstərib və 14 qəzzalı tələbəni təhsil almaq üçün ölkəyə gətirib.

Hər kəsin bunu bilməsini istəyirəm: Azərbaycan torpaqlarının işğal altında olduğu 30 illik dövrdə Fələstin dövləti hər zaman Ermənistanın yanında olub.

Hər kəs ağlını başına yığsın və öz məsuliyyətini dərk etsin.

Ağaca baxarkən meşəni görməzdən gəlməsin.

Heç kim bizi sevməyənlərin dəyirmanına su daşımasın.

Müstəqil və suveren can Azərbaycanının daxili işlərinə və digər ölkələrlə apardığı münasibətlərə qarışmaq heç kimin nə haqqıdır, nə də həddinədir", - deyə o qeyd edib.