Göyçay çayının ətrafında atılan zibil tullantıları sakinlərin narazılığına səbəb olub.

Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, rayonun Ziya Bünyadov küçəsində yerləşən ərazidə yaşayan vətəndaşlar uzun müddətdir ki, yaranmış zibillik poliqonundan əziyyət çəkirlər. Onların sözlərinə görə, əsasən axşam və gecə saatlarında tanımadıqları sakinlər tərəfindən buraya zibillər atılır. Həmçinin yerli sakinlər zibil qutularının olmamasından narazı olduqlarını da qeyd ediblər.

Xoşagəlməz mənzərə nəticəsində "üfunət gölü" kimi yaranan bu ərazi əsl xəstəlik mənbəyidir.

Məsələ ilə bağlı Göyçay Şəhər Təsərrüfatı Birliyindən sorğumuza cavab olaraq bildirilib ki, Ziya Bünyadov küçəsi və Göyçay çayının mühafizə zolağına vətəndaşların müəyyən olunmamış əraziyə atılan məişət tullantıları idarə tərəfindən ay ərzində azı bir dəfə təmizlənir. Sözügedən küçəyə isə hər həftənin 2-ci və 5-ci günləri qrafikə uyğun təmizlənmə işləri aparılır. Lakin, buna baxmayaraq, zibil pulu ödəməyən bəzi sakinlər həmin ərazilərə məişət tullanatılarını atırlar. Nəticədə xoşagəlməz görüntü yaranır.

O da bildirilib ki, yaxın günlərdə sözügedən ərazi təmizlənəcək və əlavə zibil qabılarının da yerləşdirilməsi də nəzərdə tutulub.