Böyük Okeanda yerləşən Tuvalu iqlim dəyişikliyinin ağır nəticələri ilə üz-üzədir. Dəniz suyunun temperaturunun artması və su səviyyəsinin yüksəlməsi ölkənin ekosisteminə ciddi zərər vurub.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, təxminən 10 min 600 nəfərin yaşadığı Tuvaluda vəziyyət o qədər kritikdir ki, ölkəni qoruyan mərcan riflərinin demək olar ki, hamısı məhv olub.

Dəniz bioloqu Austin Bowden-Kerbinin araşdırmasına görə, mərcan riflərinin təxminən 99,9 faizi yoxa çıxıb. Əsas səbəb isə çirklənmə və həddindən artıq balıq ovu deyil, iqlim dəyişikliyi nəticəsində dəniz suyunun isinməsidir.

Mərcanların məhv olması balıq ehtiyatlarına da ciddi təsir göstərib. Əhalinin əsas qida mənbələrindən olan bəzi balıq növlərinin ovlanma miqdarı azalıb, tutulan balıqların ölçüləri isə kiçilib.

Alimlər xəbərdarlıq edir ki, hazırkı tendensiya davam edərsə, 2100-cü ilə qədər Tuvalu ərazisinin təxminən 95 faizi yüksək qabarma zamanı mütəmadi olaraq su altında qala bilər. Bu isə ölkənin yaşayış üçün yararsız hala düşməsi riskini artırır.

Lakin Tuvalu hökuməti əhalinin kütləvi şəkildə başqa ölkələrə köçürülməsi əvəzinə, ölkənin özündə yeni yaşayış sahələri yaratmağa çalışır.

Bu məqsədlə Tuvalu Sahil Uyğunlaşma Layihəsi çərçivəsində paytaxt Funafutidə dəniz səviyyəsindən yüksəklikdə 7,3 hektarlıq yeni ərazi yaradılıb. 2025-ci ildə layihənin ikinci mərhələsi də başa çatıb. Foqafale adasında daha 8 hektar süni torpaq sahəsi əldə edilib.

Bundan başqa, təxminən 2,9 kilometrlik sahil xətti möhkəmləndirilib. Yeni ərazilərdə gələcəkdə yaşayış evləri və müxtəlif infrastruktur obyektlərinin tikilməsi planlaşdırılır.

Tuvalu yüksələn dəniz səviyyəsinə qarşı mübarizədə qeyri-adi yol seçib: ölkəni tərk etmək əvəzinə, torpaqlarını genişləndirərək burada yaşamağa davam etməyə çalışır.