Rusiyanın Sibir bölgəsində veba araşdırmaları aparan institutun əməkdaşının ölümündən sonra təxminən 200 nəfər tibbi nəzarətə götürülüb.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, hadisə İrkutsk vilayətində yerləşən Veba ilə Mübarizə İnstitutunda baş verib. 28 yaşlı laboratoriya əməkdaşı Darya Şipilova ağır xəstəlikdən sonra oktyabrın 2-də dünyasını dəyişib. Ona ilkin olaraq səbəbi müəyyənləşdirilməyən sətəlcəm diaqnozu qoyulub.

Rusiya mediasında yayılan məlumatlara görə, qadın iş zamanı vəbaya səbəb olan “Yersinia pestis” bakteriyasının olduğu ehtimal edilən sınaq şüşəsi ilə təmasda olub. Lakin bu məlumat rəsmi şəkildə təsdiqlənməyib.

Hadisədən sonra Şipilova ilə təmasda olan şəxslər müəyyənləşdirilib və onlar tibbi müşahidəyə götürülüb. İrkutsk və Şelexov şəhərlərində bəzi xəstəxanalarda karantin tədbirləri də tətbiq edilib.

Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti (Rospotrebnadzor) isə laboratoriya əməkdaşının vəbadan öldüyü barədə məlumatları təkzib edib. Qurum bildirib ki, aparılan analizlər zamanı onun peşə fəaliyyəti ilə əlaqəli təhlükəli mikroorqanizm aşkarlanmayıb. İnstitutda təhlükəli patogenlərlə bağlı hər hansı qəza da qeydə alınmayıb.

Hadisə beynəlxalq səviyyədə də izlənilir. ABŞ rəsmiləri Rusiyadakı vəziyyəti yaxından izlədiklərini açıqlayıb. Ümumdünya Səhiyyə Təşkilatı isə hazırda riskin aşağı olduğunu bildirərək vəziyyətin nəzarətdə saxlanılmasının vacibliyini vurğulayıb.