Türkiyə Super Liqasında çıxış edən “Gençlerbirliyi” klubunda baş məşqçi Metin Diyadinlə yollar ayrılıb.
Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, 63 yaşlı mütəxəssis ötən gün istefa vermək istədiyini rəhbərliyə bildirib. Lakin klub rəhbərliyi onun istefasını qəbul etməyib və Diyadinlə yola davam etmək qərarına gəlib.
Baş məşqçi isə qərarından geri çəkilməyib. Diyadin bu gün yenidən klub rəhbərliyi ilə görüşərək istefasında qəti olduğunu bildirib və ərizəsini yazılı şəkildə təqdim edib.
Bundan sonra tərəflər arasında qarşılıqlı razılaşma əldə olunub və Metin Diyadinin müqaviləsinə xitam verilib.
Klub prezidenti Haydar Arda Çakmak bildirib ki, rəhbərlik Diyadinin fəaliyyətindən razı olub. Lakin təcrübəli mütəxəssis komandaya qayıtmayacağını qəti şəkildə açıqladıqdan sonra ayrılıq rəsmiləşib.
Metin Diyadinin rəhbərliyi altında “Gençlerbirliyi” Super Liqanın ilk iki turunda “Fənərbağça” və “Göztəpə”ni məğlub edib. Komanda üçüncü turda “Ərzurumspor”la heç-heçə edib. Daha sonra “Trabzonspor”, “Kasımpaşa” və “Başakşehir”ə uduzub.
Beləliklə, Diyadin komandanın başında olduğu 6 oyunda 7 xal toplayıb.
“Gençlerbirliyi” milli fasilədən sonra oktyabrın 10-da “Amed Sportif Faaliyetler”i qəbul edəcək.