Çin ABŞ-nin Tayvana modernləşdirilmiş F-16 qırıcılarının satışına qarşı çıxıb.

Metbuat.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciakun bununla bağlı beynəlxalq medianın suallarını yazılı şəkildə cavablandırıb. O, ABŞ-nin iki ölkə liderinin əldə etdiyi razılaşmaya uyğun olaraq “vahid Çin” prinsipinə riayət etməli və Tayvan məsələsində ehtiyatlı davranmalı olduğunu bildirib.

Sözçü Tayvan məsələsinin Çinin daxili işi olduğunu vurğulayaraq, xarici müdaxilənin qəbuledilməz olduğunu qeyd edib.

Məlumata görə, Tayvanın ABŞ-dən aldığı modernləşdirilmiş F-16 qırıcılarının ilk ikisi təhvil verilib. “F-16V Block 70” tipli təyyarələr ABŞ-yə məxsus iki yük təyyarəsi ilə Havaydan Tayvanın Taitunq şəhərindəki Çihhanq Hava Bazasına gətirilib.

Bildirilir ki, Tayvan ABŞ-dən bu tipdə ümumilikdə 65 döyüş təyyarəsi alıb.