İspaniya futbolunun və “Barselona”nın əfsanəvi hücumçularından olan Pedro 39 yaşında peşəkar futbolçu karyerasını başa vurduğunu açıqlayıb.
Metbuat.az xəbər verir ki, karyerasının son illərini İtaliya A Seriyasında “Latsio”da keçirən ispaniyalı futbolçu “Barselona”, “Çelsi” və “Roma”nın da formasını geyinib. Pedro futbol dünyasında qazandığı çoxsaylı titullara görə “kubok kolleksioneri” kimi tanınıb. 18 illik karyerası ərzində o, dünya çempionu və Avropa çempionu olmaqla yanaşı, 3 dəfə Çempionlar Liqasını, 3 UEFA Superkubokunu, 2 dəfə Klublararası dünya çempionatını qazanıb. Pedro həmçinin İspaniya çempionatında 5, İspaniya Superkubokunda 4, İspaniya Kubokunda 3, İngiltərə Premyer Liqasında isə 1 dəfə çempion olub.
Pedro İspaniya millisində 65 oyun keçirib, 17 qol vurub və 11 məhsuldar ötürmə edib. O, sosial şəbəkədə paylaşımında futbolu arzuladığı hər şeyə nail olaraq tərk etdiyini bildirərək bu idmana ona yaşatdığı xoşbəxtliyə görə təşəkkür edib.