Bu gün Xocavənd rayonunun Hadrut qəsəbəsinin Ermənistan işğalından azad edilməsinin altıncı ildönümüdür.
Metbuat.az xəbər verir ki, 2020-ci il oktyabrın 9-da Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi zamanı həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatları nəticəsində Hadrut qəsəbəsini işğaldan azad edib.
Həmin gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Hadrut qəsəbəsi ilə yanaşı, daha 8 yaşayış məntəqəsinin azad olunduğunu elan edib.
Bunlar Cəbrayıl rayonunun Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı, Füzuli rayonunun Yuxarı Güzlək, Gorazıllı, Tərtər rayonunun Çaylı və Xocavənd rayonunun Sor kəndləridir.
Hadrutun azad edilməsi Vətən müharibəsinin ən mühüm hərbi uğurlarından biri kimi tarixə düşüb. Bu əməliyyat nəticəsində Ermənistan ordusunun canlı qüvvəsinə və hərbi texnikasına ciddi zərbə vurulub.
Qəsəbənin azad olunması Azərbaycan Ordusunun strateji üstünlüyünü gücləndirib və Şuşaya doğru irəliləməsi üçün mühüm imkanlar yaradıb.
Hadrut əməliyyatı 44 günlük Vətən müharibəsinin gedişində dönüş nöqtələrindən biri hesab olunur.