Atlantik okeanının cənub hissəsindəki Müqəddəs Yelena adasında yaşayan Conatan adlı nəhəng tısbağanın uzunömürlülüyü alimlərin diqqətini cəlb edib.
Metbuat.az xəbər verir ki, dünyanın ən yaşlı quru heyvanı hesab edilən tısbağanın genetik quruluşunu araşdıran mütəxəssislər onun uzun ömrü ilə əlaqəli ola biləcək xüsusiyyətlər aşkarlayıblar. Araşdırma zamanı yaşlanma prosesləri ilə əlaqəli 287 fərqli gen variantı müəyyən edilib. Bildirilir ki, bu variantlar arasında DNT-nin bərpası, hüceyrələrin qocalması və telomerlərin fəaliyyəti ilə əlaqəli genlər də var.
Alimlər, həmçinin hüceyrələrdə enerji istehsalına cavabdeh olan mitoxondrilərlə əlaqəli genləri araşdırıblar. Məlumata görə, Conatanın genetik quruluşunda digər nəhəng tısbağalarla müqayisədə diqqətçəkən xüsusiyyətlər aşkar olunub.
Bununla belə, tədqiqatçılar müəyyən edilən genetik fərqlərin tısbağanın uzun ömrünün birbaşa səbəbi olduğunu hələ sübut etməyiblər.