Çinin Taklamakan səhrasının altında böyük həcmli yeraltı su ehtiyatları aşkar edilib.

Metbuat.az xəbər verir ki, yeni su mənbələrinin kənd təsərrüfatı, səhralaşmaya qarşı mübarizə və süni intellekt məlumat mərkəzlərinin soyudulması üçün istifadəsi nəzərdə tutulur. “South China Morning Post” nəşrinin məlumatına görə, kəşf Sincan-Uyğur Muxtar Rayonunun Geologiya Bürosunun su ehtiyatlarının araşdırılması layihəsi çərçivəsində həyata keçirilib. Bildirilir ki, ehtiyatlardan birinin səhranın cənub kənarındakı Minfen rayonunun Andir qəsəbəsində, digəri isə Mazartaq dağlarının cənubunda yerləşir. Dəniz suyundan az, şirin sudan isə daha çox duz ehtiva edən bu suların kənd təsərrüfatında suvarma və səhralaşmanın qarşısının alınması üçün istifadəsi planlaşdırılır.

Qeyd edək ki, 337 min 600 kvadratkilometr ərazini əhatə edən Taklamakan səhrası hərəkətli qum təpələri və sərt iqlim şəraiti ilə seçilir. Bu ərazi “Ölüm dənizi” kimi də tanınır. Alimlər 2015-ci ildə hövzənin altında Şimali Amerikanın Böyük Göllərinin ümumi həcmindən daha böyük yeraltı su ehtiyatı potensialının ola biləcəyini müəyyənləşdiriblər.